Logo

“Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi başa çatıb

31.03.2022 22:58 294 baxış
IMG

UNESCO-nun dəstəyilə Azərbaycan Texniki Universitetinin (AzTU) icra etdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsinin yekun tədbiri keçirilib.

“Tələbələrin karyera gözləntiləri” mövzusuna həsr olunan tədbirdə iştirakçıları salamlayan AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli layihə üzrə görülmüş işlərin əhəmiyyətindən danışıb, əldə olunan nəticələri təqdirəlayiq hesab edib.

Daha sonra Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Peşə təhsili üzrə koordinatoru Zəhra Əmrahova “Dövlət-özəl sektor əməkdaşlığı, karyera mərkəzlərinin rolu” mövzusunda geniş təqdimatla çıxış edib.

“Əmək bazarında son meyllər və işəgötürənin gözləntiləri” mövzunda çıxış edən Araz Supermaketlər Şəbəkəsinin İnsan resursları direktoru Allahverdi Bağırov tələbələrə karyera seçimi zamanı diqqət etməli olduqları vacib məqamlardan danışıb. Tədbirdə AzTU-nun hüquqşünası Pərvanə Allahverdiyeva “Əmək hüquqlarımızı bilək!”, layihələr və mübadilə proqramları üzrə baş mütəxəssis Mətanət Paşayeva isə “Mühəndislikdə məsləhət xidmətləri üzrə özünüməşğulluq: Çağırışlar və imkanlar” mövzusunda təqdimatla çıxış edib. 

Qeyd edək ki, tədbirdə Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbində təhsil alan tələbə qızlar iştirak edib.

Tədbirin sonunda layihə çərçivəsində təlim keçən tələbələrə sertifikat təqdim olunub. Layihənin uğurla icra edilməsində yaxından iştirak edən universitet əməkdaşları isə təşəkkürnamə ilə təltif olunub.

Xəbər lenti