Logo

Pedaqoji Universitetdə "Unutma, unutdurma!" adlı anım tədbiri - FOTOLAR

31.03.2022 18:14 726 baxış
IMG

Mart ayının 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ali təhsil müəssisəsinin Riyaziyyat fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) birgə təşkilatçılığı ilə "31 mart - Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş "Unutma, unutdurma!" adlı anım tədbiri keçirilib. 

Tehsil.biz xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə soyqırımı qurbanları və Vətənimizin azadlığı uğrunda canlarından keçən müqəddəs şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Açılış nitqi ilə çıxış edən rektor professor Cəfər Cəfərov bildirib ki, 1918-ci ilin qanlı mart qırğınlarında azğınlaşmış erməni-bolşevik dəstələri tərəfindən demək olar ki, Azərbaycanın bütün ərazisində əsl amansız etnik soyqırımı aktı həyata keçirilib. Bununla bağlı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının topladığı təkzibedilməz materiallar xalqımıza qarşı törədilən amansız cinayətləri göz önünə sərir. 

Natiq qeyd edib ki, uzun illər sovet ideologiyası bu həqiqətləri unutdurmağa çalışsalar da, Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən sonra xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən milli-tarixi kimliyimiz özümüzə qaytarıldı. 31 mart soyqırımı da dövlət səviyyəsində qeyd olunmağa başlandı. Bu gün hər bir azərbaycanlı bu qanlı tarixi öz yaddaşında əbədi yaşadır. Sabahın gənclərini tərbiyə edəcək bu günün tələbələri, Pedaqoji Universitetin yetirmələrinin də bu işdə üzərlərinə böyük məsuliyyət düşür.

Çıxış edən xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib ki, belə anım tədbirlərinin müntəzəm keçirilməsi, xüsusən Pedaqoji Universitetdə keçirilməsi olduqca böyük əhəmiyyət daşıyır. Müəllimlərin tərbiyəsi, yol göstərməsi bütün gələcək nəsillərin necə formalaşmasını müəyyənləşdirən əsas amildir. 

Millət vəkili bildirib ki, gənclərimiz gərək tarixi inkişafın gedişini dəyərləndirməyi və haqq-nahaqqı ayrıd etməyi bacarsınlar. Vətən müharibəsində Azərbaycanın haqq işinə dünya güclərinin ikili münasibəti hamının yadındadır.

Xalq şairi çıxışını Vətən müharibəsi dövründə sözlərinə mahnı bəstələnən "Millətəm" şeiri ilə yekunlaşdırıb. 

Vətən müharibəsi şəhidi, Riyaziyyat fakültəsinin riyaziyyat-informatika müəllimliyi ixtisasının məzunu Qoşqar Ömərovun anası Rəqibə Ömərov çıxış edərək bildirib ki, Qoşqar müəllim kimi minlərlə şəhidlərimiz onlarla sinif otaqlarında, evlərdə, ürəklərdə, xatirələrdə yaşayır. 

Sonra şəhidin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub. 

Vətən müharibəsi iştirakçıları olan universitetin məzunu Elvin Rəsulov və tələbə Rail Babayev də öz növbələrində qeyd ediblər ki, Qarabağımızı azad edən müzəffər Azərbaycanın hər bir gənci Vətən uğrunda gözünü qırpmadan irəli atılmağa hazırdır və bizlər qan yaddaşımızı heç vaxt unutmuruq.

Tədbir bədii hissə ilə davam edib. Riyaziyyat fakültəsinin tələbələri tərəfindən hazırlanan səhnəciklər, videoçarxlar nümayiş olunub, şeirlər səsləndirilib, mahnılar ifa olunub. 

Qeyd edək ki, tədbirdə universitetin 400 nəfərə yaxın tələbəsi iştirak edib.

Xəbər lenti