Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Rəmzlərin izi ilə” kompüter oyunu/videoaraşdırma layihəsinin təqdimatı keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADMİU-dan məlumat verilib.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva universitet olaraq milli-mədəni irsimizin təbliğini həyata keçirən belə bir layihəyə ev sahibliyi etməyin məmnunluğunu ifadə edib və yaradıcı heyətə uğurlar arzulayıb.
Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq əlaqələr departamentinin rəhbəri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimov layihə haqqında fikirlərini bölüşüblər. Qeyd olunub ki, layihənin əsas məqsədi və ideyası mədəniyyətimiz, incəsənətimiz və tariximiz haqqında məlumatları dövrün tələbinə uyğun olaraq gənclərə videooyun vasitəsilə çatdırmaqdır. Eyni zamanda, Azərbaycanın milli-mədəni irsinə sahib çıxaraq, tariximizi gənclər arasında təbliğ etməkdir. Təqdimatı keçirilən layihə bütün yaş kateqoriyasından olan insanlar üçün nəzərdə tutulub.
Təqdimatdan sonra Təhsil Nazirliyinin nümayəndəsi Afət Sadıqova, Mədəniyyət Nazirliyinin nümayəndəsi Nurəddin Babayev, ADMİU-nun prorektoru Gülşən Əliyeva-Kəngərli, ADMİU-nun rektorunun müşaviri sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova, Xalq rəssamı Arif Əziz, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, ADMİU-nun kafedra müdiri professor Rafiq Quliyev və başqaları çıxış edərək layihə haqqında danışıb, yaradıcı heyəti təbrik ediblər.
Qeyd edək ki, “Rəmzlərin izi ilə” layihəsi incəsənət xadimləri, mədəniyyət fəalları və yaradıcı sahibkarlar üçün icra edilən “Mədəni üfüqlər” təlim proqramı çərçivəsində təqdim olunub. Layihənin məsləhətçisi Cahangir Səlimxanov, layihə rəhbəri Günel Seyidəhmədli, dizayneri Ağababa Bağırovdur.