"Ölkədə fəaliyyət göstərən universitetlərin əksəriyyətində yalnız Azərbaycan dilində saytlar fəaliyyət göstərir. Və bu saytlar çox miskin görsənir. Saytlarda elmi materialların kəmiyyəti çox aşağıdır. Bu baxımdan xarici iqtibasların sayı yox dərəcəsindədir”.
Tehsil.biz xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev deyib.
Bildirib ki, saytlarda bir planlı informasiyalar təqdim olunur. Bu isə çox vaxt müəllim və tələbələr üçün də maraqlı olmur. Tələbələr üçün də resurslar çox məhduddur. Tətil dövrlərində isə saytlara daxil olanların sayı kəskin şəkildə aşağı düşür. Ali məktəb rəhbərləri internet-reytinqə demək olar ki, diqqət yetirmirlər.
Saytlar universitetin tədbirlərini və rektorların fəaliyyətini təbliğ edirlər. Bu baxımdan internet-mövqelərdə geriləmələr baş verir”.
E. Əliyev qeyd edib ki, Azərbaycan universitetlərinin tanınmış reytinqlərdə layiqli mövqe tutmaq baxımından vəziyyət çox acınacaqlıdır:
“Başqa tərəfdən, təcrübə göstərir ki, reytinqlərdə qabaqcıl yer tutan universitetlərin həm də güclü təbliğatı aparılır. İş burasındadır ki, yaxşı elmi işlərin, təhsil mühitinin, tədrisin və müəllim heyətinin maraqlı elmi çıxışları təbliğ olunur. Bütün bunlar universitetin reytinqində cəmlənir. Bunlar olmasa nə təbliğ oluna bilər? Mütəxəssislərin fikrincə, brend universitetin formalaşdırılması üçün ictimai şüurda bu nailiyyətlər yer tutmalıdır: unikal professor-müəllim heyəti, unikal öyrətmə sistemi, unikal tədqiqat sistemi və universitetin unikal emosional obrazı. Təəssüflər olsun ki, biz hələ də bu göstəricilərdə geriləməkdə davam edirik. Bu səbəblərdən istedadlı gənclərin hamısı xarici ölkələrin universitetlərinə üz tuturlar. Və qayıtmırlar. Bunun adı insan kapitalı itkisidir".
BakuPost