Bakı Ali Neft Məktəbi (BANM) Tələbə Gənclər Təşkilatına (TGT) yeni sədr seçilib.
Tehsil.biz xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən təşkil edilən seçkilərdə BANM-in Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Aysu Zamanova BANM-in Tələbə Gənclər Təşkilatının sədri seçilib. O, Ali Məktəbə daxil olduğu ildən TGT-nin layihələrində aktiv iştirak edib. 2020-ci ilin fevral ayının 14-də TGT-yə Tələbələrlə İş üzrə müavin seçilib və iki il bu vəzifədə təşkilatın fəaliyyətinə rəhbərlik edib.
BANM TGT-yə yeni seçilən sədr müavinləri isə Ali Məktəbin tələbələri Əlicavad Sadıxzadə, Əli Məmmədli və Emil Hüseynlidir. Eyni zamanda, BANM-də mövcud olan 6 ixtisas üzrə də TGT-nin nəzdində yeni sədrlər seçilib.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının əsas vəzifəsi və məqsədlərinə tələbələrin problemlərinin həlli istiqamətində işlərin həyata keçirilməsi, tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, onların iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların və təlim kurslarının təşkil edilməsi aiddir. Təşkilatın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən kollegial orqan Tələbə Gənclər Təşkilatının İdarə Heyətidir və İdarə Heyətinə təşkilatın sədri və onun tələbələrlə iş, fəaliyyətlər və ictimaiyyətlə əlaqələr üzrə müavinləri aiddir.