AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elm gününə həsr olunan onlayn elmi sessiya keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə açan institutun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir. Onun sözlərinə görə, bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Baş direktor çıxışında son illərdə Dilçilik İnstitutunda aparılan uğurlu elmi-tədqiqat işlərindən də bəhs edib.
Nadir Məmmədli vurğulayıb ki, Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində həm dövlətimiz, həm də respublikanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları tərəfindən mühüm tədbirlər həyata keçirilir.
Daha sonra professor İsmayıl Məmmədli “Azərbaycan lüğətçiliyinin tarixi”, professor Məhərrəm Məmmədli “Azərbaycan dialektologiyasının inkişaf dövrləri”, dosent Şəbnəm Həsənli Qəribova “Azərbaycan dilçiliyinin inkişafında qadın alimlərin rolu” adlı məruzələrlə çıxış ediblər. Çıxışlarda bildirilib ki, cənab Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Qeyd olunub ki, bu Sərəncamdan sonra Azərbaycan dilinin dialektləri əhatəli şəkildə öyrənilir.