Logo

Tələbələr arasında hekayə və esse müsabiqəsi: Ayrılmadı könül candan!

27.03.2022 16:20 424 baxış
IMG

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Şuşa İli” çərçivəsində ali təhsil müəssisələrinin Filologiya və Jurnalistika fakültələrinin tələbələri arasında “Ayrılmadı könül candan!” adlı hekayə və esse müsabiqəsi keçirir.

Bu barədə Monitorinq Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqə mədəniyyət paytaxtımız Şuşanın və bütövlükdə Qarabağın çoxəsrlik mədəni, tarixi irsinin təbliği və qorunması, gənc nəsil tərəfindən öyrənilməsi, həmçinin tələbələrdə düzgün yazı vərdişlərinin inkişafı, ədəbi dil normalarına riayət olunmasının təmin edilməsi məqsədilə keçirilir.

Hekayə və esse müsabiqəsi “Qarabağın ədəbi-bədii mühiti”, “Qarabağın tarixi-memarlıq abidələri”, “Qarabağ Azərbaycanın musiqi beşiyidir” və “Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir” mövzularını əhatə edir.

Müsabiqəyə göndərilən yazılar Azərbaycan dilində olmalı, bundan əvvəl dərc edilməməlidir. Hər müəllif yalnız bir yazı ilə iştirak edə bilər.
İştirak etmək istəyənlər yazının elektron variantını aprelin 5-dək [email protected] ünvanına, əlyazmasını isə qapalı zərfdə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə (AZ1073, Bakı şəhəri, H.Cavid prospekti, 117) göndərə bilərlər.

Qaliblərə diplom və hədiyyələr təqdim olunacaq.

Xəbər lenti