Logo

Süni intellekt və data elmi ilə bağlı təlim proqramına qeydiyyat davam edir

23.03.2022 10:38 441 baxış
IMG

Ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirmək məqsədilə Təhsil İnstitutu tərəfindən həyata keçiriləcək “Süni intellekt və data elmi” intensiv təlim proqramına qeydiyyat davam edir.

İnstitutdan bildirilib ki, layihə çərçivəsində data analitikasına marağı olan tələbələr bu sahənin ekspertləri tərəfindən strukturlu və effektiv şəkildə praktiki təlimlər keçəcək və data elminin əsaslarını dərindən mənimsəyəcəklər.

Üç ay davam edəcək təlim proqramının sonunda iştirakçılar “Python” və “SQL” proqramlarından sərbəst istifadə etmək, araşdırma sualları formalaşdırmaq və statistik analiz apararaq bu suallara cavab tapmaq, “Python” və “Tableau” proqramları vasitəsilə verilənləri vizuallaşdırmaq, “Machine Learning” modelləri əsasında analiz və hesablamalar aparmaq və “Dərin öyrənmə” (Deep learning) alətləri ilə biznes proseslərini optimallaşdırmaq kimi bilik və bacarıqlara yiyələnəcəklər.

İngilis dilində tədris olunacaq təlim proqramında iştirak etmək üçün namizədlərdən riyazi biliklərinin, STEM ixtisaslarında təhsil alması və data elminə maraqlı olması tələb edilir.

Proqramlaşdırma biliklərinin olması arzuolunandır. Proqram əsasən bakalavr, magistr tələbələri və yeni məzunlar üçün nəzərdə tutulub. Data elminin əsaslarını öyrənmək və gələcəkdə peşəkar data mütəxəssisi olmaq istəyən tələbələr aprelin 5-dək qeydiyyatdan keçə bilərlər. İlkin seçim mərhələsindən uğurla keçən namizədlər seçim imtahanına dəvət olunacaqlar. İştirakçıların seçim prosesinin aprel ayı ərzində yekunlaşdırılması və proqramın aprel ayının sonlarında başlanması nəzərdə tutulur.

Proqramla bağlı daha ətraflı məlumat almaq üçün institutun Təhsildə innovasiyalar şöbəsinin elektron poçt vasitəsilə ([email protected]) əlaqə saxlamaq mümkündür.

Xəbər lenti