Logo

Heydər Əliyev Fondu tərəfindən tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib

19.03.2022 19:43 508 baxış
IMG

İmişli şəhər 7 nömrəli tam orta məktəb üçün Heydər Əliyev Fondu tərəfindən tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Heydər Əliyev Fondunun əməkdaşı Cəmil Əliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmar Quliyev iştirak edib. 

Mərasimdə Ələmdar Quliyev məlumat verərək bildirib ki, 7 nömrəli tam orta məktəbin binası ötən əsrin 50-ci illərində inşa edilib. O dövrdən heç vaxt təmir olunmayan məktəb artıq müasir tələblərə cavab verməməklə yanaşı, tədris üçün yarasız vəziyyətə düşmüşdür. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqəti, bu sahədə həyata keçirdiyi islahatları 7 nömrəli məktəbin həyatında da mühüm rol oynadı. 2021-ci ildə məktəb üçün yeni binanın inşasına başlandı. Məktəb binası artıq istismara hazırdır və burada inşaat işləri yüksək səviyyədə yerinə yetirilib.

7 nömrəli məktəbin məzunu olmuş Vüsal Qasımlı çıxışında zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycanın bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının inkişaf etdirilməsini başlıca amil seçdiyini bildirib. O, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolunun heç vaxt indiki qədər aktual olmadığını qeyd edib. Bildirib ki, artıq təhsilin inkişafına xüsusi önəm verən Azərbaycan əhalinin savadlılığı baxımından dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə olunur. 

Cəmil Əliyev dövlətimizin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyətinin xüsusi diqqət çəkdiyini bildirib. O, fondun təhsil sahəsində gördüyü işlər sırasında bölgələrimizdə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramının xüsusi əhəmiyyət daşıdığını deyib. Bu günə qədər Azərbaycanda heç vaxt olmayan geniş bazaya malik təhsil infrastrukturu yaradıldığını və ölkədə təhsilə qayğının ümummilli səviyyəyə qaldırıldığını vurğulayıb.

İmişli Rayon İcra  Hakimiyyətinin başçısı Elçin Rzayev yeni məktəbin  istifadəyə verilməsi münasibətilə  məktəbin kollektivini təbrik edib, son illər təhsilin inkişafı üzrə əhəmiyyərli işlərin görüldüyünü deyib.

Tədbirdə məktəb haqqında qonaqlara məlumat verilərək bildirilib ki, yeni məktəb binası 800 şagird yerlikdir. 34 sinif otağından ibarət ümumi təhsil müəssisəsində laboratoriya, texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 160 yerlik akt zalı, sanitar qovşaqlar, qapalı və açıq idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Xəbər lenti