AMEA-nın Naxçıvan Bölməsində elmlər doktorluğu dissertasiyasını müdafiə etmiş əməkdaşlarla görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev elmi tədqiqat aparmağın insana aşıladığı məsuliyyət hissindən söz açıb. Alim bildirib ki, istər fəlsəfə, istərsə də elmlər doktorluğu dissertasiyasını yazmaq tədqiqatçıdan yüksək iradə, operativlik, məlumatları təhlil etmə və müşahidə qabiliyyəti tələb edir. Bu baxımdan elmlər doktorluğu dissertasiyasını ərsəyə gətirən tədqiqatçı daha gərgin və əhatəli araşdırmalar aparmalı, sözün əsl mənasında öz elm sahəsinin mütəxəssisi olmalıdır. Elmlər doktoru olmaq böyük məsuliyyətlə yanaşı, həm də ömrünü elmə həsr edən kəs üçün ali dəyər, böyük şərəfdir.
Çıxışı zamanı bölmədə kadr potensalının qənaətbəxş olduğunu diqqətə çatdıran alim söyləyib ki, təkcə 2021-ci ildə tarix elmləri doktoru, dosent Emin Şıxəliyev elmlər doktoru diplomunu almış, dosent Arzu Məmmədov isə “Naxçıvan Muxtar Respublikasında azsaylı quru onurğalı heyvanların faunası və ekologiyası” mövzulu dissertasiyasını uğurla müdafiə edərək təsdiq olunması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) müəyyən mərhələlərini tamamlamaq üzrədir. Əməkdaşlardan dosent Firudin Rzayev “Naxçıvanda miladdan öncəki dövrlə bağlı etnooykonimlərin semantik-struktur sistemi”, dosent Nuray Əliyeva “Naxçıvan dialekt və şivələrinin leksikası” və dosent Ənvər İbrahimov “Naxçıvan Muxtar Respublikasının meşə ekosistemində ağac və kol bitkilərinin biomüxtəlifliyi və səmərəli istifadə yolları” mövzulu doktorluq dissertasiyalarını cari ilin yanvar-fevral aylarında uğurla müdafiə etmiş, müvafiq sənədləri AAK-a təqdim etmişlər.
Akademik Naxçıvan Bölməsinin yaradıldığı zaman 13 elmi dərəcəli əməkdaşla fəaliyyət göstərdiyini xatırladıb. Qeyd edib ki, ötən 20 il ərzində bu rəqəm kifayət qədər artaraq yüksək göstəricilərdə əksini tapıb. Sonrakı dövrlərdə əməkdaşlardan bəzilərinin dünyasını dəyişməsi, yaşayış və iş yerlərini dəyişməsi ilə əlaqədar hazırda bölmədə 95 nəfər elmi tədqiqatla məşğuldur. 2 akademik, 4 müxbir üzv, 5 elmlər doktoru və 50 fəlsəfə doktorundan 47 nəfərin elmi adı var. Bu isə elmi əməkdaşların 49%-ni təşkil edir. Alim bölmədə kadr potensialının artırılması istiqamətində elmə marağı olan gənclərin cəlb olunması ilə bağlı alimlərin üzərinə düşən vəzifələrdən bəhs edib.
Bölmə rəhbəri tədqiqatçıları əldə etdikləri elmi nailiyyətlər münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Tədbirdə çıxış edən tarix elmləri doktoru, dosent Emin Şıxəliyev uzunmüddətli araşdırma və gərgin əqli zəhmət sayəsində qazanılan uğurun verdiyi sevinc hissini tədbir iştirakçıları ilə bölüşüb. Dosentlər Ənvər İbrahimov və Arzu Məmmədov gördükləri işlər, əldə olunan elmi yeniliklərlə bağlı məlumat verib, tədqiqat aparmağın, çöl ekspedisiyalarının maraqlı tərəflərindən söz açıblar.