Geologiya və Geofizika İnstitutunun (GGİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə reallaşan “Gələcəyə addım-2” Ümumrespublika olimpiadasının final mərhələsi işini yekunlaşdırıb.
Tehsil.biz xəbər verir ki, olimpiadanın qalibi Bakı Ali Neft Məktəbinin (BANM) "Yatağın qiymətləndirilməsi və idarə olunması" ixtisasının I kurs magistr tələbəsi Orxan Məmmədov olub. O, dosent Qəşəm Zeynalovun elmi rəhbərliyi altında "Su ehtiyatlarının qıtlığı dövrümüzün qlobal problemi kimi: səbəblər və həll yolları" mövzusunda elmi araşdırma işi ilə I yerə layiq görülüb.
27 mart - Elm gününə həsr olunan müsabiqə geologiya və geofizika üzrə təhsil alan tələbələr arasında keçirilib. “Gələcəyə addım-2” Ümumrespublika olimpiadasının əsas məqsədi ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, onları istiqamətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaq olub.
Müsabiqəyə 5 təşkilatdan 38 nəfər, o cümlədən 14 bakalavr və 24 magistr iştirak edib.
Təşkilat komitəsinin qərarı ilə olimpiadada I yerə layiq görülən BANM-in magistrı Orxan Məmmədov 800 manat pul mükafatı ilə mükafatlandırılıb.