Azərbaycan Texnologiya Universitetində (UTECA) “Müasir İnkişaf” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Oxuyaq, öyrənək, öyrədək” layihəsi icra edilib.
UTECA-dan start götürən tədbirdə çıxış edənlər mütaliə mövzusunda maarifləndirici nitqlər söyləyib, tələbələrə oxuma vərdişlərinə dair maraqlı tövsiyələr veriblər.
Rektorun elm və xarici əlaqələr üzrə müşaviri Mayıs Gülalıyev qeyd edib ki, informasiya almaq imkanının daha münbit olduğu bir zamanda mütaliənin getdikcə azalması tendensiyası müşahidə olunur. Ən böyük problem isə nəyin öyrənilməsi, hansı informasiyanın alınması və necə istifadə olunmasıdır: “Bu gün təqdim olunan layihə də məhz bu üç əsas nüansa fokuslanlıb. İnformasiya çoxdur, sadəcə hansı elmi istiqamətlərin vacib olduğuna diqət yetirmək lazımdır. Bu gün dünya texnoloji inkişaf üzərində qurulub. Texnologiya əlçatanlığı çox olan ölkənin iqtisadiyyatı daha güclüdür. Texnoloji inkişafla bağlı dərsliklərin oxunmasına üstünlük verin, milli mentalitet, vətənpərvərliyi tərənnüm edən bədii ədəbiyyatları, romanları, povestləri, dünya klassiklərinin əsərlərini oxuyun. İxtisaslara uyğun ingilis dilli kitablar oxumaqla dilin mənimsənilməsinə diqqət yetirmək lazımdır” -deyə M.Gülayıyev qeyd edib.
Daha sonra Azərbaycan Texnologiya Universitetinin baş müəllimi Mətanət Mustafayeva UTECA-da fəaliyyət göstərən “Kitab oxuyaq” müəllim-tələbə birliyi barədə məlumat verib. Qeyd edib ki, müxtəlif səpkilərdə kitablar seçilir və oxuduqdan sonra müzakirə edilir. Bəzən saatlarla davam edən bu müzakirələrdə müəllim və tələbə bərabərhüquqlu tərəfdaşa çevrilir. M.Mustafayeva tələbələrə müraciətində bildirib ki, oxuma zamanı insan bir çox kompetensiyalara sahib ola bilir - ilk növbədə sürətli düşünmə qabiliyyəti, orfoqrafik vərdişlər mütailənin qazandırdığı ən primitiv məqamlardır: “Kitab oxumaq insanın şəxsiyyətinin müəyyənləşməsində həqiqi mənada rol oynayır, ona görə də mütaliə özünə edilmiş ən böyük hörmətdir, özünü yetişdirmək üçün ən gözəl vasitədir. Kitab oxumaq zamana və məkanda səyahət etmək imkanı verir. Unutmayın ki, cəmiyyət üçün ən təhlükəli adamlar məqsədsiz insanlardır. Kitab isə sizin son ali məqsədinizi müəyyənləşdirmiş olur”.
"Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü isə çıxışında qeyd edib ki, sosial şəbəkələr insanı mütaliədən uzaqlaşdırır. İnternetdən əldə edilən məlumatlar informasiya almaq, təhlil etmək və qərar vermək imkanına təsir edir. Kitabdan əldə olunan informasiyanı heç nə əvəz etmir. “Sosioloqların, psixoloqların araşdırmalarına görə mütaliə insanı psixoloji, ruhən xeyli sakitləşdiir və məlumatlılıq baxımından zənginləşdirir. Sosial Tədqiqatlar Mərkəzi “Azərbaycanda əhalinin kitab oxuma davranışı” başlıqlı sorğu keçirib. Bütün iqtisadi rayonları əhatə edən sorğuda kitab oxumadığını deyən respondentlərin 64%-i bunu vaxtının olmaması ilə əlaqələndirib. Əziz tələbələr, ən qiymətli məsələ vaxtdır. Zamanı nəyə sərf etdiyiniz sizin kim olduğunuzu göstərir. Mütaliəyə vaxt ayırın və əmin olun ki, oxuduqca oxumağa aclıq hiss edir insan”.
Rektorun tədris və sənaye üzrə müşaviri Aqil Eyvazov tələbələrə kitab oxumağı günlük rutinə çevirməyi məsləhət görüb: “Mütaliəsizlik təxəyyül imkanlarını zəiflədir, kitab oxumağı vərdişə çevirin. İqtisadiyyatda alternativ dəyər anlayışı var, yəni bir sahəyə vəsait ayıranda digərinə azalma gedir. Mütaliəsizliyi vaxtın azlığı ilə əlaqələndirənlərdə vəziyyət eynilə bu cürdür. Ancaq boş zaman var, sadəcə onu düzgün dəyərləndirmək lazımdlır. Xüsusilə tələbələrimizin kitab oxumaq üçün şəraiti var. Kitabları universitetimizin kitabxanasından əldə edə, şəhər kitabxanalarına üzv ola bilərsiniz”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarəedilməsi üzrə meneceri Xatirə Bəşirova tələbələr qarşısında çıxışı zamanı bildirib ki, kitab oxumaq mədəniyyətdir. Doğru-dürüst, nəyi oxuyacağımıza qərar vermək isə məsuliyyətimizdir. “Oxuyaq, öyrənək, öyrədək” layihəsinin icrasına uğurlar arzulayan X.Bağırova fondun dəstək göstərdiyi layihələrin əsas istiqamətləri barədə danışaraq gənclərə bu kimi layihələrdən, yaradılan imkanlardan yetərincə faydalanmağı tövsiyə edib.
“Oxuyaq, öyrənək, öyrədək” layihəsi çərçivəsində növbəti tərbirlər Bakı şəhərində, Tovuz və Şamaxı rayonlarında keçiriləcək.