“Ölkənin təhsil müəssisələrində COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq sahəsində tədbirlər həyata keçirilib”.
Tehsil.biz APA-ya istinadən xəbər verir ki, bunu “SARS-CoV-2 (COVİD-19) kompleks diaqnostikasına müasir yanaşmalar” mövzusunda keçirilmiş Beynəlxalq Elmi Konfransda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, Bakı, eyni zamanda respublikanın digər şəhər və rayonlarında 2021-ci ilin mart-may ayları ərzində 334 uşaq və yeniyetmə müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb:
“2021-ci ilin sentyabr-oktyabr ayları ərzində 44 ümumtəhsil, avqust-noyabr ayları ərzində isə 32 məktəbəqədər uşaq müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb. 2021-ci ilin fevral-aprel ayları ərzində 1895 sinif distant təhsilə keçib”.
A. Əliyeva deyib ki, hazırda COVİD infeksiyası azalmağa doğru gedir: “Amma hər hansı hadisə olanda araşdırılır, yoluxma yerləri müəyyən edilir. Lazımi tədbirlər görülür”.
Mərkəzin direktor müavini deyib ki, "COVID-19” pandemiyası zamanı epidemioloji nəzarətin tətbiqində laborator diaqnostikanın əhəmiyyəti mühümdür:
"2021-ci il ərzində yaşayış və iş yerlərində pozitiv nəticə qeydə alınmış şəxslərlə təmasda olmuş 495 min nəfərdən artıq insan müəyyənləşdirilərək təcrid olunub. Onlardan 442 min nəfərdən çox şəxsin ev şəraitində, 33 min nəfərdən çox şəxsin iş yerində təmasda olduğu məlum olub, xəstəlik ocaqlarında tamamlayıcı dezinfeksiya işləri aparılıb” – o deyib.