Logo

Niderlandda uşaqlar azərbaycanlı xanımın dublyaj etdiyi cizgi filminə baxır - İradə Axundova ilə MÜSAHİBƏ

14.03.2022 13:12 582 baxış
IMG

“Pixar” istehsalı olan və “The Walt Disney Pictures” tərəfindən buraxılan “Mən qızarıram” (“Turning Red”) cizgi filminin bu yaxınlarda dünya premyerası oldu. “Pixar” və “The Walt Disney” şirkəti birlikdə “Oyuncaqların hekayəsi” (“Toy Story”), “Flikin macəraları” (“A Bug's Life”), “Bədheybətlər korporasiyası” (“Monsters, Inc.”), “Nemonun axtarışında” (“Finding Nemo”) və s. kimi məşhur cizgi filmlərini yaradıb.

Premyera Niderlandda da uğurla keçdi və məlum oldu ki, cizgi filmini ingilis dilindən Niderland (Holland) dilinə dublyaj edənlər arasında azərbaycanlı İradə Axundova-Delsink də var.

Oxu.az bu xanımla əlaqə saxlayaraq müsahibə götürüb.

- Bir az özünüzdən danışın, Niderlanda necə və nə vaxt getdiniz, filmləri Niderland dilinə nə vaxt dublyaj etməyə başladınız (hansı ki, bu da özlüyündə qeyri-adidir)?

- 22 ildir ki, Niderlandda yaşayıram. İki ildən artıqdır ki, dublyaj etməyə başlamışam. Bu, mənim üçün yeni mərhələ idi. Bundan əvvəl Niderlandın orta məktəblərində 10 il fransız dilindən dərs demişəm. Mənim tərcüməçi diplomum da var (Niderland dilindən ingiliscəyə). Uşaqlıqdan dillərlə bağlı hər şeylə maraqlanmışam. Mən nəğmə oxumağı sevirəm. Cizgi filmlərinin dublyajı isə sevdiyim hər şeyin birləşməsidir.

- Bu cizgi filmi nədən bəhs edir və hansı obrazları dublyaj etmisiniz?

- “Turning Red” filminin premyerası martın 11-də baş tutub. Bu, Torontodan olan 13 yaşlı Mey Linin hekayəsidir. O öyrənir ki, ailələrində nəsildən-nəslə bütün qızlar 13 yaşına çatdıqdan sonra güclü həyəcan keçirsələr, nəhəng qırmızı pandaya çevrilə bilərlər. O, bundan şoka düşür. Macəralar da buradan başlayır.

Filmdə bir çox fərqli personajları ingiliscədən hollandcaya dublyaj etdim. Məktəbdə bir neçə valideyn, oyun meydançasında bir neçə uşaq, mağazada bir neçə nəfər və s.

Niderland şirkətindən cizgi filminin dublyajı üçün dəvət alanda bu, mənim üçün xoş sürpriz oldu. Uşaqlıqdan cizgi filmlərini, xüsusən də “Disney” filmlərini sevirəm.

- Premyeradan xeyli vaxt keçib, amma buna baxmayaraq, bu film məşhurlaşıbmı?

- “Disney” “Pixar” tərəfindən hazırlanan filmlər həmişə həm uşaqlar, həm də yetkinlər arasında populyardır. Çətin ki, “Turning Red” istisna olsun (gülür – red.).

- Səsləndirmənin xüsusiyyətlərindən danışın. Bu nə dərəcədə maraqlıdır, ekranda olmadığına görə (axı sadəcə animasiya xarakterli obrazların səsi var) rola “öyrəşmək” lazımdırmı?

- Rola öyrəşmək vacibdir. Axı təkcə sözlər deyil, duyğular da dublyaj olunur. Personajların hərəkətlərini, üz ifadələrini izləmək, bəzən qeyri-ixtiyari olaraq studiyada təkrarlamaq lazımdır (gülür - red.).

- Növbəti layihələr nə olacaq, artıq planlarınız varmı?

- Bəli, daha bir çox maraqlı layihə gözlənilir, orada baş rol olacaq. Amma təfərrüatları əvvəlcədən açıqlamamağa üstünlük verirəm (gülür - red.).

Nair Əliyev

Xəbər lenti