Logo

Dövlət Məşğulluq Agentliyi ilə UNEC arasında memorandum imzalanıb

04.03.2022 15:43 320 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu barədə UNEC-dən məlumat verilib. Bildirilib ki, sənədə əsasən, tərəflər arasında “UNEC Məzunlarının Məşğulluğu” layihəsinin həyata keçirilməsi, tələbə və məzunların məşğulluq sahəsində maarifləndirilməsi, məşğulluq sahəsində yeni ideyaların formalaşdırılması, müsabiqələrin və birgə layihələrin təşkili, tələbələrin təcrübə proqramlarına cəlb olunması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.

Tədbirdə çıxış edən rektor Ədalət Muradov Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını söyləyib. Məzunların işlə təmin olunmasının universitetin əsas hədəflərindən biri olduğunu deyən rektor onlara görə UNEC-in məsuliyyəti öz üzərində saxladığını bildirib.

“İşə götürmək üçün işəgötürənin keçirdiyi müsahibədə UNEC tələbəsinin aşkarlanmış zəif bilik və bacarıqları o, universiteti bitirənə qədər UNEC tərəfindən aradan qaldırılır. Bunun üçün müsahibə keçirən işəgötürənin bu haqda məlumat verməsi yetərlidir”, - deyə Ədalət Muradov bildirib.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli əmək bazarının mahiyyətindən və vətəndaşların məşğulluğu ilə bağlı tələblərdən danışıb. Məşğulluğun təmin olunmasında ən dayanıqlı alətin təhsil olduğunu deyən Mustafa Abbasbəyli ixtisasla yanaşı, peşə bacarıqlarına yiyələnməyin vacibliyini diqqətə çatdırıb. O, məşğulluq agentliyinin qarşısında duran vəzifələrdən birinin məhz təhsil müəssisələri arasında düzgün əməkdaşlığın formalaşdırılmalı olduğunu deyib. UNEC məzunlarının öz bilik və bacarıqları ilə əmək bazarında layiqli yer tutduqlarını diqqətə çatdıran sədr rəhbərlik etdiyi agentlikdə işçilərin 20 faizinin məhz bu ali təhsil müəssisəsinin məzunları olduğunu bildirib. O, qarşılıqlı əməkdaşlığın məzunların məşğulluğunun təmin olunmasına yeni töhfələr verəcəyini vurğulayıb.

Xəbər lenti