Logo

NDU-da 5 mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

04.03.2022 14:01 670 baxış
IMG

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə ali təhsil ocağının İdman kompleksində keçirilən tədbirdə əvvəlcə idmançı tələbələrin qazandığı diplom və medallardan ibarət sərgiyə baxış olub.

Tehsil.biz xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev universitetdə son illərdə idman sahəsində qazanılan uğurlardan danışıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il martın 4-də imzaladığı Sərəncama əsasən, hər il martın 5-i ölkəmizdə, o cümlədən muxtar respublikamızda “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Vurğulanıb ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Universitetdə idmanın inkişafı istiqamətində görülən işləri qeyd edən rektor Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun fevralın 14- də “2020-2025- ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamını iştirakçıların diqqətinə çatdırıb. Əlamətdar tarixi gün münasibətiylə tələbə və müəllim heyətini təbrik edən rektor gəncləri yarışlarda daha fəal olmağa, universitetimizi, muxtar respublikamızı hətta dünya arenasında yüksək şəkildə təbliğ etməyə səsləyib. Rektor idmançı tələbələri təbrik edib onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Universitet İdman klubunun sədri, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədr müavini Məmmədəli Rəhimov muxtar respublikada müstəqillik dövründə Bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından danışıb. Universitetdə müxtəlif idman sahələri üzrə keçirilən məşqlər haqda məlumat verən basketbol federasiyasının sədr müavini bildirib ki, idman sahəsində xüsusi bacarığı ilə seçilən tələbələr may ayının 11- də Bakıda baş tutacaq ali məktəblərin birinciliyində iştirak edərək, universitetimizi təmsil edəcəklər.

Məşqçilik ixtisası üzrə II kurs tələbəsi, Fakültə Tələbə İdman Şurasının sədri, İbrahim Xəlil Axundlu adına fəxri təqaüdçü Abbas Məmmədov qazandığı uğurlar haqqında iştirakçılara məlumat verib, idmançı tələbələrə uğurlar arzulayıb.

Sonra Naxçıvan Dövlət Universiteti və Naxçıvan Universiteti basketbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Yarışın sonunda NDU-nun basketbol komandası 18 : 9 hesablı qələbə qazanıb.

Xəbər lenti