Logo

BANM-in tələbələri ilk dəfə Erasmus+ proqramına seçildilər

23.02.2022 10:21 389 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının tələbələri ilk dəfə olaraq Erasmus+ tələbə mübadilə proqramında iştirak ediblər.

Tehsil.biz xəbr verir ki, bu proqram çərçivəsində BANM-in Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri -Ruslan Alquliyev, Şəmsi Mürsəlli, Vahid İsmayılzadə, Rəşad Süleymanov bir semestr müddətində Türkiyənin İzmir Katip Çelebi Universitetində təhsil alacaqlar. 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu münasibətlə tələbələrlə görüş keçirib. Onları təbrik edən rektor bildirib ki, Erasmus+ tələbə mübadilə proqramı çərçivəsində ilk dəfə olaraq Neft-qaz mühəndisliyi ixtisasına yer ayrılması sevindirici haldır: “Bakı Ali Neft Məktəbinin Avropanın bir sıra universitetləri ilə Erasmus+ tələbə mübadilə proqramı üzrə əməkdaşlığı uğurla davam edir. Bu əməkdaşlıq nəticəsində bir neçə tələbəmiz Avropanın nüfuzlu ali məktəblərində təhsil alıb və almaqdadır. Sevindirici haldır ki, əməkdaşlıq etdiyimiz ali təhsil ocaqları sırasına qardaş ölkənin İzmir Katip Çelebi Universiteti də daxil oldu. Həm də ilk dəfə olaraq Neft-qaz mühəndisliyi ixtisasının tələbələri üçün iştirak imkanı yaradıldı. Bu, bizi çox sevindirir. İnanırıq ki, bu proqramda iştirak tələbələrin həyatlarında yeni səhifə açacaq, onların dünyagörüşlərinin, ünsiyyət bacarıqlarının artmasına imkan yaradacaq”.

Rektor tələbələrin Azərbaycanın və Bakı Ali Neft Məktəbinin nümayəndələri olduğunu vurğulayaraq onlara ölkəmizi və Ali Məktəbi layiqincə təmsil etməyi tövsiyə edib.  

Tələbələr  yaradılan şəraitə görə rektor və professor müəllim heyətinə, BANM-in Erasmus+ ofisinin əməkdaşlarına təşəkkürlərini bildirərək Azərbaycanı və BANM-i layiqincə təmsil edəcəklərini vurğulayıblar.

Xəbər lenti