Logo

Gömrük Akademiyasında Tələbə Elmi Cəmiyyətinin seçki iclası keçirildi

23.02.2022 10:11 406 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasında Tələbə Elmi Cəmiyyətinin idarə heyətinin tərkibinin təsdiq edilməsi məqsədilə seçki iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, akademiya əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən iclasda Akademiyanın rəis müavini Cəmilə Namazova giriş nitqi ilə çıxış edərək ali təhsil ocağının hərtərəfli inkişafından, TEC-in fəaliyyətinin əhəmiyyətindən və bu işdə tələbələrin rolundan ətraflı bəhs edib.  Cəmilə Namazova tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, elmi axtarışlar aparılması işinin Tələbə Elmi Cəmiyyətinin ən önəmli vəzifələrindən biri olduğunu qeyd edib. Akademiyanın rəis müavini tələbələri seçkilərdə fəal iştirak etməyə və obyektiv olmağa çağıraraq, namizədlərə seçkilərdə uğurlar arzulayıb.

Namizədlər platformalarını açıqladıqdan sonra səsvermə keçirilib. Gizli səsvermə yolu ilə keçirilən seçkilərdə Akademiyanın Beynəlxalq ticarət və logistika ixtisasının II kurs tələbəsi Hüseynzadə Hüseyn Tələbə Elmi Cəmiyyətinin sədri seçilib. İclasda həmçinin Akademiyada tədris olunan ixtisaslar üzrə TEC-in nəzdində beş elmi mərkəz yaradılaraq mərkəzlərə yeni rəhbər və üzvlər təyin olunub.

Daha sonra Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov TEC-in yeni təyin olunan sədr və idarə heyətini təbrik edərək Tələbə Elmi Cəmiyyətinə olan gözləntilərdən bəhs edib. O, cəmiyyətin elmi-təşkilati tədbirləri həyata keçirməsi ilə tələbələrin bu istiqamətdə daha da aktivliyinin artacağını əminliklə vurğulamış və onlara bu istiqamətdə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda Katibliyin sədri Azər Seyidov da öz növbəsində tələbələrə elmi işlə ciddi məşğul olmağı tövsiyə etmiş və TEC-in yeni heyətinə xoş arzularını çatdırıb.

Xəbər lenti