Logo

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olundu

22.02.2022 14:28 364 baxış
IMG

BDU-nun Filologiya fakültəsində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz milli varlığımızdır” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov müasir dünyanın dil mənzərəsindən, qloballaşmanın milli dillərə təsirindən, Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, dilimizin xarici təsirlərə qarşı müqavimət dərəcəsinin güclü olmasından söz açıb, dövlət müstəqilliyinin bərpasından sonra Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən dil quruculuğundan bəhs edib.

BDU-nun Türkologiya kafedrasının magistrantı Məleykə Mirzəli “Yox olma təhlükəsində olan türk dilləri” adlı məruzə ilə çıxış edərək, türk dillərinin müasir problemləri haqqında məlumat verib.

Tədbir iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzində istehsal olunan “Bir günəş altında” filmində Azərbaycanda yaşayan  müxtəlif etnik qrupların nümayəndələrinin dillərindən nümunələr nümayiş etdirilən fraqmentlərə baxıb.

Daha sonra BDU-nun Azərbaycan dilçiliyi kafedrası tərəfindən fakültə tələbələri arasından keçirilmiş “Ana dilimiz milli varlığımızdır” adlı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin nəticələrinə əsasən, I kurs tələbəsi, Prezident təqaüdçüsü Nuridə İsmayılova I, IV kurs tələbəsi Narıngül Məlikova II, III kurs tələbəsi Fidan Hüseynzadə isə III yerə layiq görülüb. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Sonda müsabiqə qaliblərinin esseləri dinlənilib.

Xəbər lenti