Cari tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) "Riyaziyyat və informatika müəllimliyi" və "İnformatika müəllimliyi" ixtisaslarında (SABAH qrupları daxil olmaqla) təhsil alan sonuncu kurs tələbələri üçün Alqoritmika təlimləri keçiriləcək.
ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, bu məqsədlə Təhsil Nazirliyi tərəfindən ADPU-nun kompüter laboratoriyalarına 120 notbuk və 35 fərdi kompüter dəsti hədiyyə olunub.
Fevralın 21-də Təhsil Nazirliyinin aparat rəhbəri Həsən Həsənli və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova ADPU-da layihə çərçivəsində istifadə olunacaq laboratoriyalarla tanış olublar.
Universitetin rektoru professor Cəfər Cəfərov göstərilən diqqətə və dəstəyə görə Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Alqoritmika Beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbi (Алгоритмика) tərəfindən həyata keçiriləcək təlimlər fevral-may aylarını əhatə edəcək.
Həftədə 3 dəfə olmaqla 4 saatlıq sessiyalarda keçiriləcək təlimlərdə ümumilikdə 166 nəfər tələbə iştirak edəcək.
Sonda tələbələrin nailiyyət səviyyəsi qiymətləndirilərək müvafiq sertifikatlar təqdim ediləcək.