Fevralın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov, universitetin professor-müəllim heyəti və əməkdaşlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dosent A.Babayev fövqəladə hallar zamanı yaranan vəziyyətlərdən çıxış yollarına dair ümumi təlimatlardan danışıb və onların əhəmiyyətini qeyd edib.
Mülki müdafiə qərargahının rəisi E.Məmmədov pandemiya dövründə baş verə biləcək fövqəladə halların yarada biləcəyi fəsadlardan danışıb və onların qarşısını almaq, eləcə də baş vermiş hər hansı fəlakətin nəticələrinin aradan qaldırılmasına dair təlimatla çıxış edib. “Nüvə silahının fəsadları” mövzusunda geniş təqdimatla çıxış edən E.Məmmədov eyni zamanda nüvə və bioloji silahların yarada biləcəyi bəşəri təhlükədən danışıb.
Daha sonra “Nüvə silahı necə işləyir” mövzusunda videoçarx nümayiş olunub.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, toplantının keçirilməsində məqsəd fövqəladə halların qarşısını almaq və baş vermiş hər hansı fəlakətin nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrində vərdiş halı yaratmaqdır.