Bakı Ali Neft Məktəbinin (BANM) müəllimi, yer elmləri üzrə fəlsəfə doktoru Elvin Əhmədov Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin İdarə Heyətinin qərarı ilə Cəmiyyətin vitse-prezidenti təyin olunub.
Tehsil.biz xəbər verir ki, o, həmçinin “Azneft” İB-nin Modelləşmə və hasilatın proqnozu şöbəsinin rəisidir.
Elvin Əhmədov 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Neft və qazın geologiyası” üzrə bakalavr, 2009-cu ildə isə “Dəniz neft-qaz geologiyası” ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə bitirib, ixtisasca mühəndis geoloqdur. 2017-ci ildən yer elmləri üzrə fəlsəfə doktorudur.
2018-ci ildə ABŞ-ın Corc Vaşinqton Universitetinin “Layihələrin idarə edilməsi” ixtisası üzrə BANM-də təşkil olunmuş magistr proqramını bitirib. SOCAR-ın göndərişi ilə müvafiq olaraq, 2 dəfə - 2017-ci və 2019-cu illərdə Yaponiyanın müxtəlif şəhərlərində təşkil olunmuş lay mühəndisliyi, idarəetmə təlimlərində iştirak edib və beynəlxalq sertifikatla yiyələnib.
2021-ci ildən BANM-də Neft-qaz mühəndisliyi ixtisasında Layın qiymətləndirilməsi, Neft və qaz yataqlarının işlənməsi, Neft-qaz quyularının tamamlanması və Enerji geosiyasəti fənnlərini tədris edir. Elvin Əhmədov, həmçinin İrlandiyanın Alison təlim-tədris mərkəzinin Neft-qaz bölməsinin aktiv iştirakçı-üzvüdür. 80-dən çox elmi əsərin müəllifidir. 15 ilə yaxın neft sənayesində təcrübəyə malikdir və SOCAR rəhbərliyi tərəfindən 2016-cı ildə ölkənin “Neft-qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə” Fəxri Fərmanla təltif edilib.
Qeyd edək ki, 1993-cü ildə yaranan Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti Azərbaycan geoloqlarını yer elmləri ətrafında birləşdirən yeganə cəmiyyətdir. Yarandığı gündən beynəlxalq və respublika əhəmiyyətli elmi-texniki konfransların təşkilatçılığı, “Azərbaycan Geoloqu” elmi jurnalının nəşri, gənc geoloqların xarici ölkələrdə təhsil almasını, elm və sənaye ocaqlarında geoloji birliklərin mübadiləsi və fəaliyyətini təşkil edir. Bu illər ərzində Cəmiyyətin rəhbər şəxsləri Azərbaycanın görkəmli geoloqları olub.