Logo

Azərbaycan universitetlərində ikinci semestr dərsləri necə təşkil olunacaq? - SORĞU

15.02.2022 16:05 2155 baxış
IMG

Sabahdan Azərbaycanın ali məktəblərində 2021-2022-ci tədris ilinin ikinci semestr dərsləri başlayır.

Tehsil.biz son zamanlar ölkədə koronavirusa yoluxma sayında yüksək artım olmasını nəzərə alaraq bir neçə ali təhsil müəssisələri arasında tədrisin təşkili ilə bağlı sorğu keçirib.

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva "Tehsil.biz"ə açıqlamasında bildirib ki, universitetdə 2021/2022-ci tədris ilinin yaz sessiyası hibrid formada təşkil olunacaq.

K.Quliyevanın sözlərinə görə, bununla bağlı BDU Elmi Şurasının növbəti iclasında qərar qəbul edilib: "Elmi Şuranın iclasında 2021/2022-ci tədris ilinin yaz sessiyasının da payız sessiyasında olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada olmaqla hibrid formada təşkil edilməsi barədə qərar verilib".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov dərslərin təşkilində dəyişiklik olmadığını deyib.

​​​​​​O bildirib ki, dərslər ötən semestrdə olduğu kimi hibrid qaydada təşkil olunacaq: "Dərslərin təşkilində heç bir dəyişiklik yoxdur. Yəni seminar dərsləri ənənəvi qaydada, qrup birləşmələri olan mühazirə dərsləri isə onlayn qaydada təşkil olunacaq".

Odlar Yurdu Universitetində dərslər hibrid formada keçiriləcək.

Bu barədə universitetdən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib: "Dərslər hibrid formada baş tutacaq. Seminar və məşğələlər ənənəvi, mühazirələr isə "Microsoft Teams" üzərindən keçiriləcək. Bundan əlavə, 3-cü doza tələbi də nəzarət altında olacaq".

Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətindən verilən məlumata görə, LDU-da dərslər əyani formada keçiriləcək.

Ali məktəbdən verilən məlumata görə, təhsil müəssisəsində tələbə sıxlığı müşahidə edilmir: "Universitetdə fakültələrin tədris korpusları ayrıdır. Hər fakültə bir tədris binasında yerləşir. Bu binalar da şəhərin müxtəlif ərazilərindədir. Buna görə tələbə sıxlığı müşahidə olunmur. Nazirlər Kabinetinin hansısa qərarı olarsa, ona uyğun da tədbir görüləcək".

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova "Tehsil.biz"ə açıqlamasında bildirib ki, ikinci semestrdə tədrisin təşkili qaydasında hər hansı dəyişikliyin olub-olmayacağı hələ ki məlum deyil.

S.İsgəndərova qeyd edib ki, bununla bağlı rəsmi qərar verilməyib: "Tədris ötən semestr olduğu kimi davam edəcək. Yəni tədris həm ənənəvi, həm də onlayn təşkil olunacaq. Artıq semetrin başlamasına hazırlıqlar da görülür. Auditoriyalar dezinfeksiya olunub, girişdə dezinfeksiya aparatı quraşdırılıb”.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) mətbuat xidmətinin rəhbəri Ayşən Aslanova isə qeyd edib ki, institutda dərslər ənənəvi formada keçiriləcək.

O, institutun tələbə sayını nazara alaraq, təhsilin ənənəvi formada təşkilində problem olmadığını bildirib: "Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli qərarı ilə “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda edilən dəyişikliyə əsasən, COVID-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş əməkdaşlarımız və yaşı 18-dən yuxarı olan tələbələrimiz 3-cü doza peyvənd sertifikatını və ya immunitetə malikolmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı əks-göstəriş sertifikatını instituta təqdim ediblər. Bundan əlavə, institutda mütəmadi olaraq dezinfeksiya işləri aparılır".

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dərslərin təşkilində dəyişiklik olmayacaq.

Bu barədə "Tehsil.biz"ə ADMİU-nun Mətbuat xidmətinin rəhbəri Şəhanə Müşfiq məlumat verib: "Təhsil Naziriliyinin əlavə tələbi olmadığına görə, ikinci semetrdə tədrisin təşkili ilə bağlı dəyişiklik olmayacaq: "İkinci semestrdə dərslər ötən semestrdəki kimi - nəzəri fənlərin mühazirəsi onlayn, seminarı isə ənənəvi qaydada olacaq. Xüsusi qabiliyyət tələb edən fənlər isə ənənəvi qaydada, canlı formada tədris ediləcək".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mətbuat və informasiya şöbəsinin rəhbəri Nəcibə Mirzəyeva ali məktəbdə dərslərin fevralın 16-da başlayacağını qeyd edib.

O qeyd edib ki, tədris hibrid formada olacaq: "Ötənilki kimi mühazirələr onlayn, seminarlar isə ənənəvi qaydada keçiriləcək. Universitetdə pandemiya qaydalarına riayət etmək məqsədilə təhlükəsizlik tədbirləri görüləcək. Artıq univeristetin bütün korpusları dezinfeksiya edilib”.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) 2021/2022-ci tədris ilinin ikinci semestrində I-IV kurslar üzrə dərslər əyani formada tədris olunacaq.

Bu barədə "Tehsil.biz"ə akademiyanın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Texnologiya Universitetində dərslər ötən semestrdəki kimi hibrid formada davam edəcək.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib: "Məşğələ və laboratoriya dərsləri həftənin I və II günləri ənənəvi, mühazirə dərsləri isə III, IV və V günlər onlayn qaydada tədris ediləcək".

Fəqan Əzimli

Xəbər lenti