Ali təhsil sistemində özünəməxsus yeri olan, dini fəaliyyət sahəsində mühüm təsisatlardan biri sayılan Azərbaycan İlahiyyat İnstitutunun yaranmasından 4 il ötür. İnstitut Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb.
İnstitut qısa müddətdə böyük inkişaf yolu qət edərək ölkənin ali təhsilində özünəməxsus yer tutub. İnstitutun qarşısında duran mühüm vəzifələrdən biri dini fəaliyyət sahəsində peşəkar kadrların yetişdirilməsidir. Hazırda İnstitut bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılması ilə ölkədə ali dini təhsil yeni mərhələyə qədəm qoydu. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi də İnstitutun tərkibinə daxil edildi və beləcə, güclü bazaya malik olan bir ali təhsil müəssisəsinin əsası qoyulmuş oldu: "Din mənəvi dəyərdir. Ölkə başçısının sərəncamına müvafiq olaraq Azərbaycan İlahiyyat İnstitutunun yaradılması və bu ali təhsil ocağında tədrisin ödənişsiz əsaslarla həyata keçirilməsi, dini-mənəvi dəyərlərimizə hörmət və rəğbətin təcəssümü, milli mədəniyyətimizin çoxəsrlik adət-ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi baxımından hər cür alqışa və təqdirəlayiq olub, ölkəmizdə həm dini, həm də dünyəvi elmləri bilən ziyalı ilahiyyatçı kadrların və din xadimlərinin hazırlanmasına yeni töhfədir. Dünya universitetlərinin əksəriyyətində ilahiyyatla bağlı fakültələr mövcuddur. Bu, dini müxtəlif yönlərdən öyrənməyə, tədqiq etməyə xidmət edir. Din də mövcud olan fenomenlərdən biridir. Dini araşdırmaq, tədqiq etmək üçün ayrıca bir təhsil müəssisəsinə ehtiyac vardı. Bundan irəli gələrək Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin göstərişi ilə 4 il bundan öncə yaradıldı. Bu, təhsilimizdə böyük bir boşluğu doldurdu. İnstitutda həm savadlı dinşünaslar, həm də islamşünaslar yetişir. Gələcəkdə digər dinlərlə əlaqədar mütəxəssislər hazırlamağı düşünürük. Azərbaycan ilahiyyatçı kadrlarını artıq özü yetişdirə bilir. Müəllimlərimizin əksəriyyəti həm ərəbcə, həm də ingiliscə mühazirələr keçir".
Rektorun sözlərinə görə, rəhbəri olduğu institutda iki istiqamət - Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə tədris həyata keçirilir. Dinşünaslıq ixtisasında İslamla yanaşı, dünyada mövcud olan digər böyük dinlər haqqında, xüsusilə Yəhudilik və Xristianlıq barədə deskriptiv bilgiləri ehtiva edən fənlər də tədris olunur. İslamşünaslıq istiqamətində isə daha çox İslamı müxtəlif aspektlərdən öyrənən fənlər tədris olunur və bu ixtisası bitirənlər din xadimi kimi fəaliyyət göstərməyə hazır olacaqlar. Eyni zamanda, İnstitutda hər iki istiqamət üzrə kifayət qədər dünyəvi elmlər tədris edilir. Tələbələrə dinləri teoloji aspektlə yanaşı, fəlsəfi, tarixi, sosio-psixoloji istiqamətlərdən də öyrətməyə çalışırıq və beləcə, dünyəvi cəmiyyətdə dini insanlara çatdırmağı bacaran, həmçinin, milli köklərimizə bağlı olan mütəxəssislər hazırlamağa səy göstəririk".
Rektor bildirib ki, ölkədə yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını qarşısına məqsəd qoyan İnstitut qısa zamanda bir sıra nailiyyətlər də əldə edib: "Yerli və xarici ölkə universitetləri ilə sıx əlaqələr yaradıb, ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalanıb. Bu müqavilələr kağız üzərində qalmır, praktiki müstəvidə təzahür edir. Qeyd etmək istəyirəm ki, İnstitutda bu semestrdən artıq ingilisdilli bölmə fəaliyyət göstərəcək. Qazaxıstanda fəaliyyət göstərən Nur-Mübarək Universitetinin iki tələbəsi Aİİ-də təhsillərini davam etdirəcəklər. Onların bütün dərsləri ingilis dilində tədris olunacaq. Bu, həmçinin, İlahiyyat İnstitutunun elmi potensialının göstəricisidir. Biz istəyirik ki, alimlərimiz, eyni zamanda, tələbələrimiz digər ölkələrin ali təhsil müəssisələrində ilahiyyat sahəsində təcrübə keçsin, ölkəmizdə mövcud mühiti nəzərə almaqla öz ixtisaslarına uyğun yüksək biliklərə yiyələnsinlər. Bu semestr biz buna da nail olduq. Bu semestr tələbələrimizdən bir neçəsi xarici ölkə universitetlərində təcrübə keçəcəklər. İstəyimiz odur ki, dinşünas və islamşünas kimi hazırladığımız gənclər Azərbaycanımızı sevsinlər, ona layiqincə xidmət göstərsinlər, işlərinin peşəkarı olsunlar, yüksəkixtisaslı kadrlar kimi yetişsinlər və ölkəmizin daha da çiçəklənməsi naminə əllərindən gələni əsirgəməsinlər".
Aqil Şirinovun dediyinə görə, İnstitut yarandığı gündən daim dövlət qayğısı ilə əhatə olunub: "Bu qayğı ilk növbədə Prezidentin mənəvi dəyərlərimizə verdiyi önəmin təzahürüdür. Həmçinin, tabe olduğumuz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyini də həmişə hiss etmişik. Azərbaycan İlahiyyat İnstitutunda Azərbaycan dövlətinin qayğısı sayəsində tədris tamamilə ödənişsiz əsaslarla həyata keçirilir. Nazirlər Kabinetinin "Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarının təsdiq edilməsi haqqında" qərarına əsasən, tələbələrə normal təqaüddən əlavə, yeməkpulu da verilir. Ümidvarıq ki, bizə göstərilən bu etimadı doğruldaraq İnstitutumuzu ilahiyyat sahəsində dünyanın qabaqcıl təhsil ocaqlarından birinə çevirməyə müvəffəq olacağıq. Gənclərimizə dini bilikləri səhih mənbələrə və müasir dünyanın reallıqlarına uyğun şəkildə öyrədə bilən, dərin elmə və yüksək intellektə malik müəllim kollektivimizi və bütün fədakar əməkdaşlarımızı, o cümlədən, tələbələrimizi səmimi qəlbdən təbrik edir, işlərinizdə daim müvəffəq olmağı diləyirəm. İnstitut bu il ilk dəfə məzun buraxılışı həyata keçirəcək. Hər birimiz çalışmalıyıq ki, məzun olacaq gənclərimiz savadlı, yüksək intellektə, geniş dünyagörüşünə malik, sağlam düşüncəli, Vətənini sevən mütəxəssislər olsunlar".
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə əsasən, Prezident İlham Əliyev 2018-ci ildə müdrik və uzaqgörən addım ataraq Azərbaycan İlahiyyat İnstitutunun yaradılması barədə mühüm Sərəncam imzaladı. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsisindən sonra ölkəmizdə dini fəaliyyət sahəsində qəbul edilən ən mühüm qərarlardan biridir. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa ediləcək dəyişikliklər fonunda məsələyə baxdıqda həmin qərarın müasir dövrümüz üçün nə qədər aktual və önəmli olduğu bir daha görürük: "İnstitut qısa müddətdə böyük inkişaf yolu qət edərək ölkəmizin ali təhsilində özünəməxsus yer tutdu. Bu gün Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan gənclərinə təhsilin bütün səviyyələri üzrə təhsil almaq üçün geniş imkanlar yaradır. Bu baxımdan gənclərimizin də üzərinə ciddi vəzifələr düşür. Onlar dövlətin yaratdığı bu imkanlardan səmərəli istifadə etməyə çalışmalıdırlar. İnstitutun qarşısında duran mühüm vəzifələrdən biri dini fəaliyyət sahəsində peşəkar kadrların yetişdirilməsidir. Hazırda İnstitut bu istiqamətdə fəaliyyətini dövlətimizin diqqət və qayğısı ilə uğurla davam etdirir. Bu il Azərbaycan İlahiyyat İnstitutu ilk məzunlarını Azərbaycan cəmiyyətinə təqdim edəcək. Onların Azərbaycanın dini ibadət yerlərində axund və imam kimi fəaliyyətə başlayacaqlar".
Millət vəkili qeyd edib ki, tarix boyu Azərbaycan xalqı İslam mədəniyyətinə mühüm töhfələr verib, bu bölgədə böyük din alimləri yetişib: "Bu gün qarşımızda bu ənənənin uğurla davam etdirilməsi kimi mühüm vəzifə durur. İnanıram ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunları bu missiyanı uğurla davam etdirəcəklər. Müasir dövrdə ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərimizn qorunmasına böyük diqqət və qayğı var. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan din siyasəti hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğı göstərilir, həm ölkəmizdə, həm də xaricdə dini ibadət yerləri təmir və bərpa olunur. Bu siyasət nəticəsində hazırda Azərbaycan dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmiz dinlər və mədəniyyətlərarası dialoq mövzusunda mötəbər tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Onu da nəzərə almaq lazımdır ki, din mənəviyyatla yanaşı, həm də təhlükəsizlik məsələsidir. Bu da reallıqdır ki, bu gün əksər müsəlman ölkələrində sabitliyi pozmaq üçün xarici qüvvələr din amilindən məharətlə istifadə edirlər. Bu baxımdan hər bir müsəlman ölkəsinin dini təhlükəsizliyini təmin etməsi, öz dini təhsil sistemini qurması xüsusi önəm daşıyır. O ölkələr ki, milli və dini təhlükəsizliyini təmin edirlər onlar uğurla gələcəyə və inkişafa doğru addımlayırlar. Azərbaycan da bu sırada olan ölkələrdən biridir".
Mənbə: 525-ci qəzet