Bakı Biznes Univeristetinin koordinatoru olduğu Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində fevral ayının 8-i və 9-da “Strateji planlaşdırma və idarəetmə” mövzusunda təlim keçirilib.
Tehsil.biz xəbər verir ki, Azərbaycan HR İnstitutunun dəstəyi ilə baş tutan təlimdə ölkənin 16 ali təhsil müəssisəsinin prorektorları və digər rəhbər şəxslər iştirak ediblər.
Sözügedən təlimdə ADPU-nu elm və innovasiyalar üzrə prorektor, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov təmsil edib.
İdarəetmə üzrə beynəlxalq təhsil və təcrübəyə malik, peşəkar təlimçi Nazim Əliyevin keçirdiyi təlimdə strateji planlaşdırmanın əhəmiyyəti, planlaşdırmanın üsulları, maraqlı tərəflərin prosesə cəlb edilməsi, missiya, vizyon və dəyərlərin müəyyən edilməsi, ali təhsil müəssisəsinin güclü, zəif tərəflərinin, mövcud imkan və təhlükələrinin təhlili, əsas fəaliyyət göstəricilərinin müəyyənləşdirilməsi, büdcənin hazırlanması məsələlərinə dair mühazirələr dinlənib və ətraflı müzakirələr aparılıb. Təlimin ikinci günü performansın idarə edilməsinin müasir üsulları və formaları, yüksək performanslı komanda işinə nail olmaq üçün çevik (Agile) idarəetmə yanaşması, onun əsas prinsipləri, eləcə də risklərin təhlili, idarəedilməsi məsələləri müzakirə olunub. Təlim iştirakçıları komandalar şəklində gələcək müasir universitetin strateji biznes planı barədə hazırladıqları layihələri təqdim ediblər.
Sonda təlim iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.