Azərbaycan Texnologiya Universitetində Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, universitet rəhbərliyilə keçirilən görüşdə Asiya İnkişaf Bankının layihə rəhbəri Səbinə Cəfərova, layihənin alman mütəxəssisi Jurgen Raizner, analitiki Afaq Cavadova və layihənin icraçılarından biri olan EKVİTA şirkətindən Jalə Sərdarlı iştirak edib.
Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov layihə çərçivəsində indiyədək bir neçə görüşlərin təşkil edildiyini xatırladaraq bu işbirliyinin Gəncə şəhərində ümumi startap ekosisteminin inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.
Daha sonra layihə mütəxəssisləri və təmsilçiləri layihə çərçivəsində görüləcək işləri qeyd ediblər. Bildirilib ki, status-kvo analiz – universitetdə təhsilalanların startaplar haqqında məlumatlılıq səviyyəsinin öyrənilməsi, startapların idarə olunması ilə bağlı təlimlər, universitetin strategiyasının innovasiyalar və startaplar baxımından təhlili, informasiya transferi, eləcə də universitetin startaplarla bağlı yerli və beynəlxalq əlaqələrini genişləndirmək kimi məsələlər əsas punktlardır.
Görüş çərçivəsində UTECA mütəxəssislərindən ibarət mentorlar komandası formalaşdırılıb. Sabahdan etibarən komanda alman mütəxəssisin təlimlərinə qatılacaq. Bundan sonra layihə növbəti mərhələyə keçəcək.
Xatırladaq ki, "ASAN xidmət”lə UTECA, ADAU və GDU arasında "Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində əməkdaşlıq memorandumu ötən ilin iyununda imzalanıb.