Xəbər verdiyimiz kimi, paytaxtın Suraxanı rayonunda yerləşən E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin şagirdi intihara cəhd edib.
Belə ki, məktəbin yeddinci sinif şagirdi olan qız (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) özünü məktəbin binasından atmaq istəyib.
Hadisə ilə bağlı məktəbdən "Tehsil.biz"ə verilən məlumata görə, VII sinif şagirdi üçüncü mərtəbədə pəncərənin kənarına çıxıb: "Vəziyyətə dərhal müdaxilə edən müəllimlər baş verə biləcək hadisənin qarşısını alıb. İlkin olaraq uşaqla məktəb psixoloqu arasında söhbət aparılıb. Məktəb rəhbərliyi tərəfindən dərhal aidiyyəti qurumlara məlumat verilib".
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə ilə bağlı məsələ müvafiq qurumlar tərəfindən araşdırılır: "Bu kimi hallara qarşı reallaşdırılan profilaktiki işlər çərçivəsində məktəblilərin psixoloji dayanıqlılığının artırılması məqsədilə mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır".
Fəqan Əzimli
Həmçinin oxuyun: Bakıda özünü məktəb binasından atmaq istəyən qız nəzarətə götürüldü