Logo

"Distant təhsilin tətbiqi ilə bağlı edilən təklifləri məqsədəuyğun hesab etmirəm" - ADPU tələbəsi

10.02.2022 15:28 987 baxış
IMG

Azərbaycanda son günlər koronavirusa yoxluxma halları artıb. Bunun əsas səbəbi virusun "Omikron" ştammının yoluxuculuq qabiliyyətinin yüksək olmasıdır. Təbii ki, hər bir ölkə üçün onun əhalisinin sağlamlığı vacibdir.  Hal-hazırda ən çox müzakirə olunan məsələlər qapanmalara getmək, təhsilin distant formaya keçməsi, karantinin sərtləşdirilməsi və.s-dir. Ancaq nəzərə almaq lazımdır ki, pandemiya 2020-ci ildəki vəziyyətdə deyil. Əvvəllər virusa qarşı peyvənd kəşf edilməmişdi və onun öldürücülük qabiliyyəti yüksək deyildi. Xəstənin koronavirusa qalib gəlməsi və sağalma müddəti isə uzun zaman tələb edirdi. Artıq  pandemiya öz təsir gücünü itirməkdədir. Cəmiyyətin gələcəyini həll edən ən mühüm sahələrdən biri təhsildir.

Yoluxma hallarının yüksək olması ilə bağlı irəli sürülən bəzi təkliflərin arasında təhsilin distant formaya keçiməsi təklifi də var. Distant təhsilin tətbiqi ilə bağlı edilən təklifləri məqsədəuyğun hesab etmirəm. Çünki artıq biz bu təcrübənin effektsiz olduğunun şahidi olmuşuq. 2020-ci ilin mart ayından 2021-ci ilin sentyabr ayınadək Azərbaycanda bütün orta məktəblərdə, ali və orta ixtisas təhsili müəssisələrində təhsil distant formada həyata keçirildi. Bu dövr ərzində Azərbaycan təhsil sisteminə böyük zərbə dəydi. Təhsilin keyfiyyəti dəfələrlə aşağı düşdü. Distant təhsil forması şagirdlərin, tələbələrin və təhsil işçilərinin təhsildən, elmdən uzaqlaşmalarına səbəb oldu. Biz bir daha belə səhvə yol verə bilmərik. Bəzi Avropa dövlətləri karantin qadağalarını ləğv edir.

İsveç bu gündən etibarən COVID-19-la bağlı bütün məhdudiyyətləri ləğv edib və koronavirus testlərinin dayandırıldığını açıqlayıb. Digər tərəfdən, İsveç Avropa İttifaqı ölkələrindən istədiyi rəqəmsal səyahət kartı, peyvənd sertifikatı və ya test kimi bütün tədbirlərə də bu gündən etibarən son qoyub. Eyni zamanda Finlandiyada da fevralın 14-dən etibarən koronavirusa görə tətbiq edilən məhdudiyyətlər yumşaldılır, martın 1-dən isə ləğv edilir.

Skandinaviya ölkəsi Danimarka fevralın 1-dən məhdudiyyətləri ləğv edib, Norveç də fevralın 19-dan koronavirusa görə müəyyən edilən qadağalara son qoyacaq. Belə olan halda Azərbaycanda 2020-ci ildə həyata keçirilən tədbirlərə geri qayıtmaq absurddur. Dünya artıq  virus ilə yaşamağa uyğunlaşır. ÜST-ün açıqlamalarından da məlum olur ki, koronavirus adi qrip kimi mövsümi xəstəliyə çevriləcək. Biz də bu xəstəliklə birgə yaşamağa uyğunlaşmalıyıq. Hər hansısa məhdudiyyətlərə getmək bizə xeyirdən çox ziyan vuracaq! 

Anar Salehoğlu
YAP Yevlax rayon təşkilatının üzvü, ADPU-nun tələbəsi, İctimai fəal

Xəbər lenti