Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin məzun rezidenti olan “Nextsale” startapının ABŞ-ın tanınmış vençur şirkəti tərəfindən satın alınması ilə bağlı məlumatlandırma tədbiri keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Baykar şirkətinin texniki direktoru və “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təmsilçisi Məmməd Kərim, ali təhsil müəssisələrinin rektorları, “Nextsale” startapının təsisçisi Orxan Hacıyev, texnologiya və İT sahəsində fəaliyyət göstərən təşkilatların rəhbərləri, startapçılar və digər şəxslər iştirak ediblər.
“Nextsale” startapı barədə təqdimat zamanı ideyanın əsasən elektron ticarət saytları üçün dizayn həlləri, satışlar və sayta olan sosial güvəni artırmaq, SMS, telefon nömrələrini yığmaqdan ibarət olduğu bildirilib. Qeyd olunub ki, şirkət ilk vaxtlar saytda öncəki istifadəçilərin yeni ziyarətçilərə nə etdiklərini göstərən tətbiq kimi (sosial sübut - social proof) başlasa da, sonralar funksiyalarını inkişaf etdirərək tam və bütöv konversiya platformasına çevrilib. Belə ki, “Nextsale” sayta daxil olan ziyarətçilərin adını, elektron ünvanını, mobil nömrəsini və s. marketinq üçün lazımi məlumatları toplayaraq “popap” pəncərələr vasitəsi ilə kupon kodları təklif etməyə başlayıb və bu da startapa satışlarını artırmağa imkan yaradıb. Hazırda “Nextsale”in elektron ticarət saytlarında ziyarətçiləri real müştəriyə çevirən konversiya platforması olduğu vurğulanaraq startapın iştirak etdiyi uğurlu proqram və layihələr, eyni zamanda inkişaf mərhələləri barədə məlumatlar diqqətə çatdırılıb.
Universitetlərdə startap ekosisteminin inkişaf etdirilməsi və inkubasiya mərkəzlərinin yaradılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi diqqətə çatdırılıb. Eyni zamanda innovativ ideyaları inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizn texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsi məsələləri də müzakirə olunub.