Azərbaycan Texnologiya Universitetində (UTECA) Azərbaycanda keçiriləcək "Teknofest-2022" festivalında qeydiyyat və iştiraka dair məsələlər müzakirə edilib.
Tehsil.biz xəbər verir ki, müzakirələr zamanı əvvəlcə UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki, türk brendi olan “Teknofest”in “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı bu il 26-29 mayda Azərbaycanda baş tutacaq. Bu festivalın Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsinin iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü olduğunu qeyd edən rektor iclas iştirakçılarına bütün dünyanın diqqət mərkəzində olacaq festifala hazırlaşdıqlarını xatırladıb.
Daha sonra təqdim ediləcək məhsullarla bağlı ərtaflı məruzələr edilib. Məhsullar sırasında 4-cü kurs tələbələrinin müəllifi olduğu günəş enerjisi ilə çalışacaq hibrid avtomobil, minaaxtaran robotlar, ağıllı parkinqlər, tullantılardan istifadə və s. olub. Detalların müzakirəsi zamanı rektor startaplarda işğaldan azad olunan torpaqların dirçəldilməsi istiqamətində tətbiq oluna biləcək “ağıllı” ideyalara üstünlük verilməsinin vacibliyinə diqqət çəkib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “Teknofest Azərbaycan” festivalına tələbələr "Baku Skills" yarışması "B" kateqoriyası üzrə qatılacaqlar. Yarışmaya qeydiyyat üçün son tarix 17 fevral 2022-ci ildir. Müsabiqə Təhsil Nazirliyinin və Təhsil İnstitutunun dəstəyi ilə STEAM Azərbaycan layihəsi tərəfindən təşkil olunur. Bu gün saat 17:00 da “Baku Skills” yarışması haqqında tələbələrin ətraflı məlumatlandırılması üçün onlayn infosessiya təşkil olunacaqdır.