Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikası” ikinci tədris ilinin bir qrup magistrantları idman infrastrukturları ilə tanış olmaq üçün Qəbələ və Şamaxı rayonlarına səfər ediblər.
Tehsil.biz xəbər verir ki, magistrantlar Qəbələ Olimpiya İdman Kompleksi, Qəbələ şəhər stadionu, “Qəbələ” futbol akademiyası”, “Qəbələ Atıcılıq Klubu”, “Tufan” Dağ-Xizək kompleksini ziyarət edib, həmçinin U-16 liqası çərçivəsində “Qəbələ” komandasının “Neftçi” ilə oyununu izləyiblər.
Bundan başqa, magistrantlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edib, qədim Qafqaz Albaniyasının eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günə gəlib çatmış qala divarlarına baxış keçiriblər.
Daha sonra Şamaxı şəhərinə səfər edən magistrantlar ilk öncə yeni istifadəyə verilmiş Şamaxı şəhər stadionunun şəraiti ilə tanış olub, stadionda AFFA tərəfindən təsis olunmuş futbol məktəbinin koordinatoru veteran-futbolçu Vəli Qasımovun rəhbərliyi altında uşaqlardan ibarət komandaların məşqlərini izləyiblər. Tələbələr Şamaxı Olimpiya İdman Kompleksini ziyarət edib, idmançılar üçün yaradılan şəraitlə tanış olublar. Onlar həmçinin Şamaxı şəhərinin tarixi abidələrinə də baş çəkiblər.