Logo

Bakı Ali Neft Məktəbinin bir qrup əməkdaşı təltif olundu - Foto

07.02.2022 10:52 838 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) 10 illik yubileyi münasibətilə Ali Məktəbin bir qrup əməkdaşı müxtəlif mükafatlarla təltif edilib.

Tehsil.biz xəbər verir ki, əməkdaşlar SOCAR-ın, Təhsil Nazirliyinin və Bakı Ali Neft Məktəbinin mükafatlarına layiq görülüblər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə BANM-in rektoru Elmar Qasımov və Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov SOCAR-ın “Fəxri neftçi” Döş nişanı ilə təltif olunublar.

Ali Məktəbin kampusunda mükafatların təqdimolunma mərasimi keçirilib.Tədbiri giriş nitqi ilə açan rektor Elmar Qasımov təltif olunan əməkdaşları təbrik edib və onlara uğurlar arzulayıb. O vurğulayıb ki, Ali Məktəbin 10 ildə qazandığı nailiyyətlər professor-müəllim heyəti və bütün əməkdaşların böyük zəhməti, fədakar əməyi sayəsində olub:

“BANM-in 10 illik fəaliyyəti böyük bir uğur hekayəsidir. Bu müddətdə qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunub, öhdəliklər yerinə yetirilib.  Biz 10 il ərzində böyük bir ailəyə çevrilmişik. Bu ailənin hər bir üzvünün əldə olunan nailiyyətlərdə öz payı var. Bakı Ali Neft Məktəbinin kollektivi nümunəvidir. Burada müəllim-tələbə, tələbə-əməkdaş, əməkdaş-müəllim və onlarla rəhbərlik arasında diqqət, qayğı və ehtiram var. Hər kəs vətənimiz, xalqımız, millətimiz üçün yüksəkixtisaslı, ingilisdilli kadr, layiqli vətəndaş hazırlamaq yolunda yorulmadan çalışır. BANM 10 illik fəaliyyətində cənab Prezident İlham Əliyevin, SOCAR rəhbərliyinin, valideynlərin, tələbələrin, ümumilikdə cəmiyyətin etimadını ləyaqətlə doğrultmağı bacardı. Bundan sonrakı fəaliyyətimizdə də nümunəvi gənclər yetişdirmək vəzifəsini yüksək səviyyədə yerinə yetirmək yolunda daha böyük səylə çalışmalı, əzmlə irəliləməliyik”. 

Rektor, həmçinin dünyasını dəyişən Ali Məktəbin əməkdaşlarını rəhmətlə anaraq xatirələrini yad edib.

Sonra Elmar Qasımov təltif olunan əməkdaşlara mükafatları təqdim edib.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin 10 illik yubileyi münasibətilə Ali Məktəbin 13 nəfər əməkdaşı SOCAR-ın “Fəxri Fərmanı”, təhsil naziri Emin Əmrullayev tərəfindən 5 əməkdaş “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” Döş nişanı, 11 əməkdaş isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılıb. 

Ali Məktəbin rektoru Elmar Qasımov tərəfindən 14 əməkdaş BANM-in “Fəxri fərmanı”, 41 əməkdaş və xidməti müqavilə əsasında çalışan 15 müəllim də “Təşəkkürnamə” ilə təltif edilib. 

Mərasimdə, həmçinin akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünü qazanmış Neft-qaz mühəndisliyi ixtisasının 2 tələbəsinə də mükafatlar təqdim olunub.  

Tədbirdə çıxış edən Neft-qaz mühəndisliyi kafedrasının professorları Fuad Vəliyev və Siyavuş Azakov, eləcə də kafedranın dosenti Xanum Cəfərova, Tədris və elmi işlər üzrə prorektor Zəfər Qurbanov, Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova, Mühəndislik fakultəsinin dekan müavini Rima Quliyeva, həmçinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimi Orxan Quliyev onların əməyinə verilən yüksək qiymətə görə təşəkkür edərək, bundan sonrakı fəaliyyətlərində də səylə və əzmlə çalışacaqlarını bildiriblər.

Xəbər lenti