Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının dosenti Tofiq Quliyev 70 illik yubileyini qeyd edir.
Tofiq Quliyev 1952-ci ildə Zəngilan rayonun Mincivan kəndində anadan olub. 1988-1993-cü illərdə Qaradağ rayonun 139 saylı orta məktəbində, 1993-1996-cı illərdə BMLK-nın 43 saylı liseyində ingilis dili müəllimi işləyib. 1994-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin attestasiya komissiyasının qərarı ilə ona ali kateqoriyalı müəllim ixtisas kateqoriyası verilib.
1996-1998-ci illərdə MakDermot və BP şirkətlərində texniki tərcüməçi işləyib. 2000-ci ildən Azərbaycan Dillər Universitetində ingilis dili müəllimi işləyib. Hal-hazırda Linqvokulturologiya kafedrasında dosent kimi fəaliyyət göstərir. 2001-ci ildə Bakıda fəaliyyət göstərən Açıq Cəmiyyət İnstitutu xətti ilə 9 aylıq “Müəllim hazırlığında müasir metodlar” kursunu bitirib.
2002-2007-ci illərdə MakDermot şirkətində texniki tərcüməçi işləyib. Həmin illərdə ADU-nun axşam şöbəsində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. 2002-ci ilin dekabr ayında MakDermot şirkəti tərəfindən Birləşmiş Ərəb Əmirliklərinə ezam olunub, 2003-cü ilin iyun ayına qədər tərcüməçi-koordinator kimi fəaliyyət göstərib. 2012-ci ildə “İngilis və Azərbaycan dillərində idiomatiklik və idiomların transformasiya yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Tofiq Quliyevə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 may 2013-cü il tarixli qərarı ilə Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
O, 1 monoqrafiya, 2 dərs vəsaiti, 3 fənn proqramı və 32 elmi məqalənin müəllifidir. Bir sıra respublika və beynəlxalq konfranslarda tezis və elmi məqalələrim ilə çıxış edib. 2018-ci ildə oktyabrın 15-dən noyabrın 15-ə kimi Ukraynanın Kiyev Milli Linqvistik Universitetinin professor A.N.Moroxovski adına İngilis dilinin filologiyası və dil fəlsəfəsi kafedrasında ixtisasartırma kursunda olub. 2019-cu ildə fevral ayından may ayına kimi Gəncə şəhərində Kəlbəcər rayon 12 saylı tam orta köçkün məktəbində pedaqoji təcrübə keçən universitet tələbələri üzərində metodist kimi fəaliyyət göstərib və müxtəlif tədbirlər keçirib.