Bakı Ali Neft Məktəbinin ( BANM) tələbələri "SABAH.lab" Akselerasiya Mərkəzinin proqramına qəbul olunublar. Proqram innovasiya və sahibkarlıq baxımından Avropada 1-ci yerdə olan “IE” Biznes Məktəbi və Təhsil Nazirliyinin əməkdaşlığı ilə təşkil olunur.
Bundan əvvəl "Azerbaijan 500 ASAN Startup" proqramını uğurla başa vuran BANM-in tələbələri Hüseyn Abızadə və Fərhad Ağayev "SABAH.lab" akselerasiya proqramında iştirak haqqı qazanıblar. Onlar bir komanda olaraq 460-dan çox fərdi və 170-dən çox qrup şəklində olan müraciət arasından seçilərək proqramda iştirak etməyə haqq qazanan 10 komandanın arasında yer alır.
Ümumilikdə 6 ay davam edəcək təhsil proqramının tərkibində yerli və beynəlxalq universitetlərdən (Stanford, MIT, UC Berkeley, IE Business School) bir neçə professorun və sənaye liderlərinin iştirakı təmin olunur.
"SABAH.lab" Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İnstitutunun dəstəyi ilə fəaliyyətə başlayıb. "SABAH.lab"ın əsas məqsədi Azərbaycanda və regionda innovasiyaların əsasını qoymaq, iqtisadi inkişafa təkan vermək üçün ölkədə rəqabətli ekosistem yaratmaq və sahibkarlıq ruhunu yüksəltməkdir.