Logo

Azərbaycan Dillər Universitetində Çin Yeni il bayramı qeyd olunub

31.01.2022 12:56 560 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çin Yeni ili - Bahar bayramı və Pekində Qış Olimpiya Oyunlarının açılışına həsr olunmuş bayram gecəsi keçirilib.

ADU-dan bildirilib ki, gecədə çıxış edən Çinin Azərbaycandakı səfiri Guo Min qonaqları Bahar bayramı münasibətilə təbrik edib, Çin-Azərbaycan dostluq münasibətlərinin mütərəqqi inkişafını, iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndiyini, iqtisadi, mədəni və təhsil sahəsində əməkdaşlığın genişləndiyini qeyd edib.

Səfir, həmçinin bildirib ki, Çin Yeni il bayramının Pekində Qış Olimpiya Oyunlarının açılışı ilə üst-üstə düşməsi, o cümlədən Azərbaycan idmançılarının yarışlarda iştirakı Çinlə Azərbaycan arasında idman sahəsində əməkdaşlığın möhkəmlənməsinə xidmət etmiş olacaq.

Tədbirdə elm və innovasiyalar üzrə prorektor professor Novruz Məmmədov Azərbaycan-Çin tarixi əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb, ADU-da Çin dili və mədəniyyətinin tədrisinin vacibliyini qeyd edib.

Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Rafiq Abbasov bildirib ki, qarşıdan gələn Çin Yeni il bayramı ilə yanaşı, Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi də qeyd olunur. Ay təqviminə görə, Yeni ilin gözəl gələcəyə doğru enerjili irəliləyiş vaxtını təcəssüm etdirən Pələng ili olması da simvolikdir.

R.Abbasov, həmçinin ADU-da çinşünaslıq təhsili və elminin uğurla inkişaf etdiyini bildirib. O, ADU-nun Konfutsi İnstitutunun Azərbaycan ictimaiyyətinin Çinin unikal mənəvi mədəniyyəti ilə daha yaxından tanış olması və tarixən Böyük İpək Yolu ilə bağlı olan Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Sonra ADU-nun çinşünas tələbələri, Çin dili kurslarının tələbələri, eləcə də ADU-nun Konfutsi İnstitutunun müəllimləri və Çin şirkətlərinin Azərbaycandakı nümayəndələri təbriklər və rəngarəng bədii proqramla çıxış ediblər. Çin mahnıları və şeirləri, Çin fleytasında “Hulusi” və ənənəvi nəfəs aləti “Bau”da xalq melodiyaları ifa olunub.

Sonda tədbirin fəxri qonaqları - Xejou Kollecinin müəllimi Xuan Veiveinin ailəsi və Olimpiya Oyunlarının könüllüləri tərəfindən hazırlanmış Azərbaycan-Çin dostluğuna və Pekində keçirilən Qış Olimpiya Oyunlarına həsr olunmuş konsert və idman proqramı təqdim olunub.

Şagirdlər müxtəlif illərin Olimpiya Oyunlarının mahnı və idman rəqslərini, eləcə də Çinin Quanqsi-Çjuan Muxtar Rayonunun kiçik xalqlarının geyimləri ilə “Gümüş atəşfəşanlıq” rəqslərini ifa ediblər.

Tədbirdə Qış Olimpiya Oyunlarının videoçarxları və Xejou Kolleci tələbələrinin olimpiya halqalarını əks etdirən fləş-mobu nümayiş etdirilib.

Xəbər lenti