Logo

Naxçıvan Dövlət Universitetində elektron arxiv məlumat sistemi yaradılıb

31.01.2022 10:58 463 baxış
IMG

Azərbaycan təhsil məkanında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində elektron arxiv məlumat sistemi yaradılıb. Ali təhsil ocağı növbəti ilklərdən birinə imza atıb.

NDU-dan "Tehsil.biz"ə bildirilib ki, bu münasibətlə keçirilən təqdimat mərasimini giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, elektron arxiv sistemi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il martın 14-də “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” nın təsdiq edilməsi haqqında Sərəncamı çərçivəsində ərsəyə gətirilib.

Bildirilib ki, son illərdə universitetdə elektronlaşma böyük miqyasda həyata keçirilib, belə ki, elektron kitabxana, elektron təhsil, elektron sənəd dövriyyəsi yaradılıb ki, bu da ümumi inkişafa müsbət təsir edib.

Sonra İnformasiya - kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli adıçəkilən sistem haqqında məlumat verib. Qeyd olunub ki, elektron arxiv sistemi ümumilikdə “Ana səhifə”, “Fondlar”, “Siyahı”, “Sərlövhələr” və “Axtarış” adlı 5 bölmədən ibarətdir. Bildirilib ki,  “Ana səhifə” bölməsində mühafizəxanalar, “Fondlar” bölməsində əlavə edilmiş fondların adı,  ilk və son tarixi, aid olduğu mühafizəxana, “Siyahılar” bölməsində siyahının adı, saxlama vahidlərinin ilk və son tarixi, sayı, saxlama vahidlərinin stellaj nömrəsi və aid olduğu fond, “Sərlövhələr” bölməsində saxlama vahidinin nömrəsi, sərlövhəsi, ilk və son tarixi, vərəqlərin miqdarı və aid olduğu siyahı yerləşir. “Axtarış” bölməsində isə axtarış parametrlərini dolduraraq uyğun nəticələr çıxarılır.

Sonda Kadr və ümumi işlər şöbəsinin baş arxivçisi Xədicə Məmmədova qeyd edib ki, universitetin 1967-ci ildən 2009-cu ilə qədər olan arxivdəki bütün sənədləri 8 noyabr 2017-ci il tarixdən, 16 dekabr 2021-ci il tarixədək Naxçıvan dövlət arxivinə təhvil verilib. Diqqətə çatdırılıb ki, elektron arxiv yalnız məlumatların qorunub saxlanması üçün deyil, eyni zamanda çox sıx müraciət olunan informasiya məlumat bazasını özündə əks etdirir. Bildirilib ki, universitetin arxivində 2010-cu ildən 2021-ci ilə qədər sənədlər qorunub mühafizə olunur. Vurğulanıb ki, rəqəmsal məlumatların idarəolunması, uzun müddət qorunması və saxlanması, istifadəsi və paylaşımı üçün universitet qabaqlayıcı tədbirlər görüb. Bu səbəbdən də elektron arxivin universitet səviyyəsində istifadəsi və əhəmiyyəti artıb.

Qeyd edək ki, universitetin arxivi 1967-ci ildən fəaliyyət göstərir. Arxivin əsas məqsədi universitetin təlim - tədris işləri sahəsində fəaliyyətini əks etdirən sənədləri vaxtında təhvil alıb, onların xronoloji qaydada sistemləşdirilməsini və qorunmasını təmin etməkdən ibarətdir.

Xəbər lenti