Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Tap-Mat" intellektual şahmat oyunu keçirilib.
Tədbiri giriş sözü ilə açan Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov intellektual oyunların gənclər üçün əhəmiyyətindən danışıb.
Qeyd edilib ki, universitetin tələbə təşkilatları bu istiqamətdə mütəmadi olaraq çalışır və intellektual yarışların layihə müəllifləri də məhz özləri olurlar.
Sonra yarışa start verilib. İki mərhələdən ibarət olan intellektual oyunun I mərhələsində suallar çətinlik dərəcəsinə görə 3 tura ayrılıb. İştirakçılar hər düzgün cavaba görə müvafiq olaraq birinci turda 1, ikinci turda 2, üçüncü turda isə 3 xal qazanıblar. Beləliklə, birinci mərhələdə ilk 4 yeri tutmuş iştirakçı yarımfinala vəsiqə qazanıb.
Növbəti mərhələdə şahmat oyunu üzrə yarışan iştirakçılar I mərhələdə qazanılan xallar əsasında fiqurlar alaraq şahmat taxtasına yerləşdiriblər.
Final qarşılaşmasında İngilis dili və tərcümə ixtisası üzrə IV kurs tələbəsi Ramil Abdullayev qalib olub. Hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi İnfil Zeyniyev II, Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Rəşid İbadov isə III yerin sahibi olublar. İştirakçılar diplom və hədiyələrlə təltif olunublar.