Logo

Təzəkəndin təzə məktəb problemi - VİDEO

26.01.2022 20:22 483 baxış
IMG

Masallı rayon Təzəkənd kənd sakini Tərlan Ağayev yaşadığı ərazinin məktəb problemini video şəklində REAL TV-nin qaynar xəttinə ünvanlayıb.

Videonun axşam saatlarında, məktəbdə dərs saatları bitəndən sonra çəkildiyi bildirilir. Tərlan Ağayev məktəbin təmirə ehtiyacı olduğunu, lakin bu məsələyə laqeyd münasibət bəslənildiyini qeyd edir.

İşin əslini öyrənmək üçün adıçəkilən məktəbin direktor əvəzi Xalıq Tağıyevlə əlaqə saxladıq. Məktəbin 2002-ci ildə inşa edildiyini və o vaxtdan indiyə qədər təmir edilmədiyini deyən Xalıq müəllim səslənən ittihamlarla razılaşmadığını bildirdi. O, məktəbin damması ilə bağlı yaranmış problemin həll olunduğunu da xüsusi qeyd etdi.

Daha sonra bu məsələ ilə bağlı Masallı rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Oradan da məktəb yeni olduğu üçün əsaslı təmirə ehtiyacı olmadığı qeyd olundu. Həmçinin əsaslı təmir olunacaq məktəblər siyahısında adının olmadığı bildirildi. Təhsil şöbəsindən onu da qeyd etdilər ki, məktəb rəhbərliyi təmirlə bağlı müraciət edərsə, cari təmir oluna bilər. Maddi texniki bazanın, konret olaraq partaların yararsız vəziyyətdə olmasına gəlincə, bu problemin də məktəb rəhbərliyinin müraciətindən sonra həll oluna biləcəyi deyildi.

Ümid edək ki, bu şikayətdən sonra Təzəkənd orta məktəbinin rəhbərliyi həqiqətən də Masallı rayon Təhsil şöbəsinə təmirlə bağlı müraciət ünvanlayacaqlar.

Xəbər lenti