Logo

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyev” miniatür kitabı çap olunub

26.01.2022 16:00 165 baxış
IMG

Azərbaycanın taleyinə görə məsuliyyət İlham Əliyevin üzərinə gənc yaşlarında düşmüşdü. Prezident seçiləndə 42 yaşı vardı. Zamanın çağırışı və xalqın seçimi ilə ona həvalə olunan bu şərəfli missiyanın öhdəsindən heyrətamiz dərəcədə bacarıqla gələn İlham Əliyevin həyatı, keçdiyi ömür yolu bir uğur hekayəsidir. Moskvada təhsil illəri, çətin neft danışıqları, hər günü tarixə yazılan 18 illik Prezidentlik dövrü...

Bu gün hərtərəfli inkişaf edən, dünyada öz sözü və çəkisi olan qalib ölkə - Azərbaycan İlham Əliyevin əsəridir. Son 18 ildə regionda həyata keçirilən bütün qlobal layihələrdə Azərbaycanın, müdrik Prezidentimizin imzası var...

...Təbii ki, hər bir uğur yolu başlanğıcını ailə ocağından götürür. Prezident İlham Əliyev dahi şəxsiyyət və tələbkar ata olan Heydər Əliyevin, görkəmli alim və həssas ana olan Zərifə Əliyevanın tərbiyəsini görüb, Ulu Öndərin məktəbini keçib...

AZƏRTAC xəbər verir ki, bu sətirlər Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın təsisçisi və rəhbəri olduğu Miniatür Kitab Muzeyi tərəfindən Azərbaycan və rus dillərində nəşr olunmuş “Azərbaycan Respublikası Prezidenti İlham Əliyev” miniatür kitabında yer alıb. Kitab hazırlanarkən Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın materiallarından istifadə olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 60 illik yubileyi münasibətilə yüksək zövqlə və nəfis tərtibatla hazırlanmış miniatür kitabı hamı üçün əlçatan etmək böyük vətənpərvərlik nümunəsidir. Buna görə nəcib bir missiyanı öhdəsinə götürərək Prezidentin müraciətlərini miniatür kitab formatında çap etdirən Zərifə Salahovaya ancaq təşəkkür düşür.

“İndigo” mətbəəsində 100 nüsxə ilə çap olunmuş kitab 295 səhifədən ibarətdir. Kitabın ölçüsü 55x50 millimetrdir. İki dildə - Azərbaycan və rus dillərində oxuculara təqdim olunan kitabda 80-dək foto verilib. Nəşrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və digər dövlət başçılarının təbrik məktubları da yer alıb.

Oxucular kitabda Prezident İlham Əliyevin siyasət olimpinə və Qarabağ Zəfərinə gedən uğur yolu ilə tanış ola bilərlər.

“Azərbaycan heç vaxt tarixdə bu qədər güclü və qüdrətli olmayıb. Qazanılan uğurlar sırasında Qarabağ Zəfəri xüsusi yer tutur. Prezidentimiz iqtisadiyyatı və ordumuzu gücləndirərək, diplomatik müstəvidə illər boyu yorulmadan fəal və təsirli iş apararaq, xalqımızı öz ətrafında yumruq kimi birləşdirərək Qələbəni addım-addım yaxınlaşdırdı. Ulu Öndərin vəsiyyətini yerinə yetirərək bizi doğma Qarabağımıza qovuşdurdu. Azərbaycanı qalib ölkəyə çevirdi, adını tariximizə qızıl hərflərlə yazdırdı. Prezident İlham Əliyev bu mənada da xoşbəxt dövlət başçısıdır ki, 60 yaşını ərazi bütövlüyü təmin olunmuş ölkənin, qalib xalqın Prezidenti kimi qeyd edir”. Prezident İlham Əliyevin ömür yolunu əks etdirən bu fikirlər də kitabdan götürülüb.

Tükənməz enerjisi olan Zərifə xanımın miniatür kitabları ölkəmizdəki bütün əlamətdar və əhəmiyyətli hadisələrin mənzərəsini əks etdirir. Təkcə müstəqillik illərində onun tərəfindən miniatür formatda ən müxtəlif təmayüllü 200-dən artıq kitab çap edilib.

Qeyd edək ki, dövlətimizin başçısının ad gününə hədiyyə olaraq bundan əvvəl Miniatür Kitab Muzeyi iki cilddə “Qarabağ Azərbaycandır!” adlı kitablar da nəşr etdirib. Hər iki cild 100 nüsxə ilə Azərbaycan dilində işıq üzü görüb. İkicildliyin tərtibçiləri tarix elmləri doktoru, professor Dilarə Seyidzadə və Zərifə Salahovadır. “İndigo” mətbəəsində nəşr olunan hər iki cildin ölçüsü 55x55 millimetrdir.

Xəbər lenti