Logo

NDU-da prorektor Rafiq Rəhimovun 60 illik yubileyi keçirilib

26.01.2022 11:11 491 baxış
IMG

Naxçıvan Dövlət Universitetində Tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Rəhimovun 60 illik yubileyi keçirilib.

NDU-dan "Tehsil.biz"ə verilən məlumata görə, universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Rafiq müəllimin bütün təhsil həyatı Naxçıvan Dövlət Universiteti ilə bağlı olub.

Bildirilib ki, 1987-ci ildə tədris şöbəsində dispetçer vəzifəsindən 1989-cu ildən tədris şöbəsinin müdirliyinə və 2018-ci ildən etibarən Tədris və tərbiyə işləri üzrə prorektor vəzifəsinə qədər keçdiyi şərəfli yol universitetimizə, onun tədris və ixtisaslaşma proseslərinə böyük töhfə olaraq yadda qalıb. Vurğulanıb ki, Rafiq müəllim səmimi insan, etibarlı dost, sevilən müəllim, nümunəvi ailə başçısı kimi bir çox ali dəyərlərə məxsus qiymətli ziyalımızdır. Vurğulanıb ki, Rafiq müəllimin sədaqətli dövlət adamı olması dövlətimizə, ümummilli liderimizin ideyalarına bağlılığı onun fəaliyyətində və vətəndaşlıq mövqeyində özünü göstərir. Rektor yubliyarı təbrik edərək ona sağlıqlı ömür, yaradıcılıq uğurları arzulayaraq universitetin fəxri fərmanını və gül dəstəsini təqdim edib. 

Tədris şöbəsinin müdiri, “Nəqliyyat mühəndisliyi və texniki fənlər” kafedrasının baş müəllimi Şahin Əliyev qeyd edib ki, elmi və nəzəri bilikləri ilə təcrübəsini universitetin inkişafına sərf edən Rafiq müəllim ömrünün 35 ilini ali təhsil ocağında tədris sahəsinə həsr edib. Diqqətə çatdırılıb ki, o, tədris proseslərini və bu sahədəki idarəetməni 16 ildir, məhz Rafiq müəllim kimi peşəkar və təcrübəli təhsil işçisindən öyrənib. Şahin müəllim yubliyarı təbrik edərək ona cansağlığı, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. 

Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov Rafiq müəllimlə birgə çalışdıqları illəri xatırlayıb.  

Universitet Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov öz müəllimi haqda dəyərli fikirlərini səsləndirərək Rafiq Rəhimovu ideal müəllim adlandırıb. 

Çıxış edənlər yubliyarın ünvanına xoş sözlər, səmimi arzular səsləndiriblər.

Qeyd edək ki, Rafiq Rəhimov 1962-ci ildə Naxçıvan şəhərində anadan olub. 1967-1978-ci illərdə Naxçıvan şəhər 4 saylı məktəbdə təhsil alıb. 1979-1983-cü illərdə Naxçıvan Dövlət Universitetinin “Tarix” fakültəsində təhsil alıb. Rafiq müəllim 1994-cü ildə “Azərbaycan tarixi” kafedrasında müəllim, 2000-ci ildə baş müəllim, 2011-ci ildən dosent vəzifəsində çalışır. 2003-cu ildə “Naxçıvan  Muxtar  Respublikasının Xarici Əlaqələri” (1991-2001) mövzusunda müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 1993-cü ildən YAP-ın üzvü olan Rafiq Rəhimov  2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə, Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Xəbər lenti