Logo

Professor Minirə Qarayeva vəfat edib

26.01.2022 10:58 387 baxış
IMG

Professor Qarayeva Minirə Gülməmməd qızı vəfat edib.

Tehsil.biz xəbər verir ki, o,1937 ci ildə Qəbələ rayonunda anadan olub.

Azərbaycan "Xoş Niyyət" Xeyriyyə İctimai Birliyinin prezidenti və Azərbaycan Qadınlar Cəmiyyətinin xarici əlaqələr üzrə sədr müavini olmuş Minirə Qarayeva 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş, 1959-cu ildə həmin institutu "Fərqlənmə diplomu" ilə bitirmişdir. 

Uzun illər məzunu olduğu təhsil ocağında ingilis dilinin fonetikası kafedrasının müdiri işləmişdir. Keçmiş SSRİ dövründə SSRİ Ali Təhsil Nazirliyinin elm adamları üçün təşkil etdiyi uzun müddətli xarici ezamiyyətlərə dəvət olunmuşdur. 1982-ci ildə İngiltərə (London, Oxford, Camdridge, Caventry, Brighton), 1987-ci ildə isə ABŞ (Vaşinqton, Corctaun, Baltimor, Boston, Filadelfiya) universitetlərində tədqiqatla məşğul olmuş, dərs demişdir. 

Ümumilikdə dünyanın altmışa yaxın ölkə və şəhərindəki elm ocaqlarında olmuş, təhsildə yenilik, təhsil reformu ilə maraqlanmış, bu sahədə məruzələr etmişdir. Ayrı-ayrı ölkələrdə bir çox elmi dərnəklərin, eləcə də ECA-nın (Avropa Topluluğu Assosiasiyası) üzvü olmuşdur. Bu cəmiyyətlərin dəvəti ilə Kiprdə (Qazimağusa, Lefkoşa), Yunanıstanda (Selanik), Almaniyada (Münhen), Türkiyədə (Ankara, İstanbul, Ərzurum, Kayseri, İsparta, Sivas və s.) konfranslarda, assembleya və konqreslərdə məruzə etmişdir. İngilis dilinin fonetikasına həsr olunmuş üç kitab, 50-yə yaxın məqalənin müəllifidir. Hələ tələbə ikən ali təhsil nazirinin imzası ilə "Fəxri fərman"a, müəllim işlədiyi dövrdə isə səmərəli əməyinə qiymət verilərək bir medal, fəxri fərmanlarla təltif olunmuşdur. 1994-cü ildə Türkiyənin Sivas şəhərindəki Cumhuriyyət Universitetində dərs deməyə dəvət olunmuş və Ali Təhsil Nazirliyinin icazəsi ilə işə başlamışdr.

Eyni universitetdə on il professor, bölüm başqanı olaraq işləmiş və bu müddətdə də bir çox fəxri adlarla təltif olunmuşdur. Minirə Qarayeva İngiltərənin Kembric Universiteti tərəfindən "20-ci əsrin qabaqcıl elm adamları" arasında "Müvəffəqiyyət şərəf Diplomu"na layiq görülmüşdür. Eyni zamanda o, "Dünya Bioqrafik Mərkəzi" tərəfindən "Milleniumun Beynəlxalq Qadını Naminatoru" və "2003-cü ilin ən yaxşı beynəlxalq qadın pedaqoqu" fəxri adlarına layiq görülmüşdür.

Xəbər lenti