Logo

Türkiyənin Əskişəhər Texniki Universitetinin nümayəndə heyəti BDU-da olub

25.01.2022 13:46 662 baxış
IMG

Türkiyə Cümhuriyyətinin Əskişəhər Texniki Universitetinin (ESTU) Mühəndislik fakültəsinin Kimya mühəndisliyi kafedrasının professor-müəllim heyətindən ibarət nümayəndə qrupu Erasmus+ KA107 layihəsi çərçivəsində 2022-ci il 17-21 yanvar tarixlərində Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında olublar.

Tehsil.biz xəbər verir ki, Kimya mühəndisliyi kafedrasının professoru Elif Kaynak Uraz kafedranın tədris planı, həmçinin beynəlxalq əməkdaşlığı haqqında ətraflı məlumat verib. “Kimya mühəndisliyində riyazi modelləşdirmə” fənni haqqında danışan dosent Yeşim Güçbilmez fənnin proqramı və tədrisi ilə bağlı geniş təqdimatla çıxış edib.  Kafedranın nümayəndələri eyni zamanda tədris zamanı tətbiq olunan yeni texnologiyalar haqqında da məlumat veriblər.  Dosent Yeşim Güçbilmez “Nanomateriallar və oksidləşmə reaksiyaları” mövzusunda mühazirə oxuyub.

Səfər zamanı Türkiyə və Azərbaycan tədqiqatçıları arasında nanomaterialların sintezi və tətbiqi ilə bağlı səmərəli elmi müzakirələr aparılıb. Professor Mustafa Muradov qonaqlara Nanoaraşdırmalar və Sənaye kimyası elmi-tədqiqat laboratoriyaları, habelə BDU-nun kafedralarının təhsil və elmi fəaliyyəti barədə məlumat verib.

Türkiyəli tədqiqatçıların BDU-yə səfər zamanı iki universitet arasında əməkdaşlıq və ortaq layihələr məsələlərini müzakirə etmək məqsədilə Nanoaraşdırmalar və Sənaye kimyası elmi-tədqiqat laboratoriyalarının əməkdaşları – professor Ülviyyə Həsənova, professor Rasim Alosmanov, Ofeliya Balayeva və digər tədqiqatçılarla görüş və seminarlar keçirilib.

Xəbər lenti