Logo

ADNSU-nun məzun şəhidinə həsr olunmuş "Mən Əliyəm" adlı kitabın təqdimatı olub

24.01.2022 23:57 625 baxış
IMG

Yanvarın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu,Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədova həsr edilmiş "Dönməsəm xatirəm qalsın" adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə şəhid Əlihüseyn Məmmədovun həyat və döyüş yolunu özündə əks etdirən "Mən Əliyəm" adlı kitabın təqdimatı olub.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fuad Musayev, Milli Məclisin üzvü Hicran Hüseynova, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbənin rəisi Zümrüd Səmədova, digər dövlət və özəl qurumların nümayəndələri, şəhidimizin yaxınları və ailə üzvləri iştirak ediblər.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi təhsil müəssisəsinin məzunu olan Əlihüseyn Məmmədov haqqında danışarkən bildirib ki, belə igid oğullarımızın qəhramanlığı sayəsində Azərbaycanın əzəli torpaqları cəmi 44 gün ərzində düşmən tapdağından azad olundu. Rektor, professor M.Babanlı qeyd edib ki, igidlərimizin şücaəti gənclərimiz üçün örnək olmaqla yanaşı, Azərbaycanın yenilməz qüdrətini bir daha dünyaya tanıtdı. Digər çıxış edənlər də Azərbaycan ordusunun sarsılmaz gücündən, əbədi qələbəsindən söz açaraq Vətən uğurunda şəhid olan qəhrəman oğullarımızın ruhlarının hər zaman uca tutulacağını vurğulayıblar.

Tədbirdə "Kimdir Əlihüseyn" adlı videoçarxın təqdim edilməsi ilə şəhidimiz haqqında işrirakçılara daha ətraflı məlumat verilib və şəhidimizin anası Arzu Məmmədovanın oğlu ilə hazırlanmış dialoq videosüjeti iştirakçılara duyğulu anlar yaşadıb.

Ümumilikdə Qarabağ uğrunda şəhid olmuş qəhrəman oğulların əziz xatirəsinə həsr olunan tədbirin ikinci hissəsində şəhid Əlihüseyn Məmmədova həsr olunmuş musiqi nömrələri və muğam parçaları səsləndirilib, həmçinin, vətənpərvərlik mövzusunda çəkilən rəsm əsərləri nümayiş olunub. İştirakçılar eyni zamanda, şəhid Əlihüseyn Məmmədovun şəxsi əşyalarından ibarət sərgi ilə də tanış oldular.

Xəbər lenti