Logo

Filarmoniyada şəhidlərin xatirəsinə həsr olunan musiqi axşamı keçirilib

21.01.2022 13:57 182 baxış
IMG

Yanvarın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş musiqi axşamı keçirilib.

Tehsil.biz xəbər verir ki, anım mərasimində mədəniyyət naziri Anar Kərimov, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak edib.

Konsertdən öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra konsert proqramı təqdim edilib.

Konsert proqramında Azərbaycan bəstəkarlarının yaradıcılığından vətənpərvərlik ruhu aşılayan musiqi nümunələri yer almışdı. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Xalq artisti Rauf Abdullayev) ilk olaraq Azər Rzayevin “Bakı 90” simfoniyasını ifa etdi. Sonra Aqşin Əlizadənin “Babək” baletindən fraqmentlər və Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Adajio” orkestr tərəfindən böyük məharətlə səsləndirilib.

Konsert proqramı Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər: Xalq artisti Gülbacı İmanova) ifasında Qara Qarayevin “Zamanın bayraqdarı” əsərinin səsləndirilməsi ilə başa çatıb.

Anım gecəsində təqdim olunan musiqi əsərləri 32 il öncə ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canından keçən Vətən övladlarının unudulmaz xatirəsinə ehtiramın ifadəsi idi.

Xəbər lenti