Logo

"Sabahın alimləri” XI Respublika Müsabiqəsinə paytaxt üzrə 28 layihə buraxılıb

21.01.2022 11:52 423 baxış
IMG

"Sabahın alimləri” XI Respublika Müsabiqəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən 28 layihə iştirak etmək hüququ qazanıb.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, müsabiqəyə buraxılan “Triqonometrik tənliklər sistemlərinin həllində vizual və analitik tətbiqlər üzərində araşdırma”, “Göy dənizin mavi tonu”, “Orqanizmin danışan canlı 3D modeli əsasında bədəndə xəstə genin tapılması mexanizmi”, “Səssiz qatil”, “Sənayedə "Təmiz nəfəs"-Çuqun istehsalında hidrogendən istifadə”, “Dəniz canlılarını xilas edək”, "COVİD-19 virusunu aşkarlayıcı maye kristal əsaslı termo-sensorlar" və digər layihələr Elmi Ekspertiza Komitəsi tərəfindən uyğun hesab olunub.

Qeyd edək ki, IX-XI sinif şagirdləri üçün təşkil olunan müsabiqəyə Bakı şəhəri üzrə ümumilikdə 65 layihə təqdim olunub.

Onu da qeyd edək ki, Azərbaycanda “Sabahın alimləri” Respublika Müsabiqəsi 2012-ci ildən keçirilir. Müsabiqə İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkara çıxarılması, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsidir. Müsabiqədə qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilir.

Xəbər lenti