Logo

Ötən il Azərbaycanın İKT sektoru və əlaqədar elm sahələri üçün necə yadda qalıb?

21.01.2022 09:40 208 baxış
IMG

“2021-ci il ölkəmizdə təkcə telekommunikasiya sahəsində deyil, həmçinin kompüter elmləri üçün də uğurlu il oldu”.

Bunu “Report”a açıqlamasında ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sahəsində ötən ildəki əsas uğurlarını şərh edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev deyib.

O, hesab edir ki, ötən illərdən başlamış struktur və kadr islahatlarının 2021-ci ildə də uğurla davam etdirilməsi ölkəmizin hədəflərə çatma imkanlarını daha da artırır: "Əgər ötən ilin əsas nəticələrini təhlil etsək, görərik ki, 2021-ci il xalqımız üçün başqa bir əhəmiyyətə malikdir. Əvvəlki illərdən fərqli olaraq 2021-ci ili biz qalib və ərazisi bütöv ölkənin vətəndaşları kimi yaşadıq. Bu qalibiyyət nəyin bəhrəsi idi? Əlbəttə ki, xalqımızın Ali Baş Komandanının, Prezidentinin ətrafında sıx birləşməsinin nəticəsi idi. Cənab Prezidentin dediyi kimi, Azərbaycanı sevən hər bir kəs “dəmir yumruq” kimi birləşdi və düşmənin başını əzib torpaqlarımızı azad etdilər.

Məhz bu qələbə ölkənin digər sahələrinə də bilavasitə təsir etdi. Gördüyünüz kimi, iqtisadiyyatın müxtəlif sektorlarında canlanma başlandı. Nəzərinizə çatdırım ki, bütün bu hadisələr İKT sahəsində Azərbaycan elminə də təsirsiz ötüşməyib. Belə ki, 2021-ci ilin nəticələrinə görə, Azərbaycan Cənubi Qafqazda kompüter elmləri sahəsində birinci yerdədir. Ölkəmiz bu sahədə əsas rəqiblərini çox böyük fərqlə üstələyib.

Baxmayaraq ki, biz müharibədən çıxmış ölkəyik, ölkəmizdə islahatlar davamlı olaraq uğurla həyata keçirilir. Məhz bu islahatların bir istiqaməti də İKT-nin payına düşüb. Belə ki, 2021-ci ildə möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırıldı. Nazirliyin yeni adı ölkənin prioritetlərinin hansı istiqamətdə müəyyən olunduğunu bir daha aydın şəkildə göstərir. Rəqəmsal transformasiya çərçivəsində Azərbaycanda hər bir fəaliyyət istiqamətində rəqəmsallaşmanın, elektron dövlət idarəetməsinin dərinləşməsi, ayrı-ayrı qurumların fəaliyyəti, vətəndaş cəmiyyətinin inkişafına İKT-nin təsiri, İnternet azadlığının təmin olunması, vətəndaşların informasiyanı sərbəst olaraq əldə etməsi və paylaşması, teleradio məkanının inkişafı, həmçinin ölkəmizdə yeni texnoloji reallıqların meydana çıxması, cəmiyyətdə rəqəmsal təfəkkürün inkişaf etdirilməsi və bu kimi bir sıra başqa məsələlər kompleks olaraq islahatların həyata keçirilməsini zəruri etmişdir. Dövlət başçısının imzaladığı sərəncamla bu qurum qarşısında çox mühüm vəzifələr qoyulur. Şübhəsiz ki, bu məsul vəzifələrin həyata keçirilməsində digər qurumlar da, xüsusən də Azərbaycan alimləri öz dəstəyini verməlidirlər.

Əminliklə deyə bilərəm ki, ölkəmizdə rəqəmsal transformasiya platformasında gedən işlər çox qənaətbəxş və cəlbedicidir. Beynəlxalq təşkilatlar da İKT sahəsində ölkəmizdə inamla həyata keçirilən islahatları çox yüksək qiymətləndirir”.

R.Əliquliyevin sözlərinə görə, məhz 2021-ci ilin oktyabrında ABŞ-ın Stanford Universiteti dünyanın ən nüfuzlu alimlərinin reytinq qiymətləndirmə siyahısını dərc edib: "Builki siyahıya Azərbaycanda və xaricdə fəaliyyət göstərən 25-dən çox azərbaycanlı alimin adı daxil edilib. Onlardan 8-i ölkəmizdə, digərləri isə Türkiyə, ABŞ, Avstraliya, Portuqaliya, Rusiya və s. ölkələrdə fəaliyyət göstərir.

Azərbaycanda fəaliyyət göstərən və adı siyahıya daxil edilmiş 8 alimdən 5-i Azərbaycan Milli Elmlər Akademiyasıın əməkdaşıdır. Onlardan isə 2-si İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşıdır.

Bunlar institutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev və şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevdir. Hər iki alim dünyada “İnformasiya və kommunikasiya texnologiyaları” elmi istiqaməti üzrə çalışan və məqalələri “Scopus” bazasında indeksləşən 253 359 alim arasından seçilib. Onu da xüsusilə qeyd etmək lazımdır ki, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 2020-ci ildə də Stanford Universitetinin reytinq qiymətləndirmə siyahısına daxil edilib.

Bu reytinq siyahısı iki mühüm göstərici – məqalə və istinadların sayı əsasında hazırlanır. Belə ki, ilkin mərhələdə 2020-ci ildə ən azı 5 məqaləsi “Scopus” bazasında indeksləşən alimlər seçilir. Sonrakı mərhələdə isə bu seçilmişlərin arasından həmin ildə ən çox istinad alan, başqa sözlə, ilk 2 %-ə daxil olan alimlərin adı reytinq siyahısına daxil edilir".

Xəbər lenti