Logo

SDU-da 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

20.01.2022 22:08 637 baxış
IMG

Sumqayıt Dövlət Universitetində (SDU) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə universitetinin rəhbərliyi və tələbə heyəti, şəhid ailələrinin üzvləri şəhidlik zirvəsinə ucalan tələbə-məzunların ali məktəbin həyətində yaradılmış xatirə abidəsini ziyarət edib və abidə önünə gül dəstələri düzüblər.

Tədbir iştirakçıları Elmi kitabxana tərəfindən təşkil olunmuş 20 Yanvar faciəsinə həsr edilmiş kitab sərgisinə baxış da keçiriblər. Sərgidə 20 Yanvar hadisələri barədə məlumatlar dərc edilmiş kitablar nümayiş olunub.

Tədbirdə həmçinin, 20 Yanvar  faciəsini özündə əks etdirən sənədli film nümayiş etdirilib.

Sonra universitetin rektoru, professor Elxan Hüseynov faciənin yaranma səbəbləri, bu qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə məlumat verib. Bildirib ki, 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi:” Həmin müdhiş gecədə Sumqayıt Dövlət Universitetinin də  bəzi məzunları, əməkdaşların ailə üzvləri qəhrəmanlıq göstərərək,  Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular. Nəticədə yüzlərlə adam öldürüldü və yaralandı. Azərbaycan xalqının bu ağır günlərində böyük siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı il yanvar ayının 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək  buraya toplaşmış minlərlə azərbaycanlı qarşısında çıxış etdi, hadisəyə qəti etirazını bildirdi. Heydər Əliyev SSRİ rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqındakı qərarını insanlığa, demokratiyaya və konstitusiyaya zidd addım kimi qiymətləndirdi, bu faciəni törədənlərin cəzalandırılmasını tələb etdi”.

Rektor onu da qeyd edib ki,  bu gün şəhidlərimizin ruhu şaddır, çünki  Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi və siyasi bacarığı, qüdrətli ordumuzun rəşadəti, xalqın həmrəyliyi sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qarabağ zəfəri ilə şəhidlərimizin intiqamı alındı, onların qanı yerdə qalmadı.

Tədbirdə Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Samir Kərimli “Azadlığa gedən yolda xalqımızın mücadiləsi”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Pərviz Cəfərov “20 Yanvar faciəsi və onun nəticələri” mövzularında məruzə ilə çıxış ediblər. Bildiriblər ki,  20 Yanvar günü Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.

Sonda tələbələrin ifasında vətənpərvərlik ruhunda “Qanlı Yanvar hadisələri”nə həsr olunmuş şeirlər səsləndirilib.

Xəbər lenti