Logo

Bakı Ali Neft Məktəbində 20 Yanvar şəhidləri anılıb

20.01.2022 19:45 591 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Ali məktəbdən "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qanlı hadisə haqqında danışaraq bu faciənin Azərbaycan xalqının qan yaddaşı olduğunu, ölkənin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin adlarının əbədi olaraq tariximizə və xalqımızın yaddaşına həkk edildiyini bildirib. O qeyd edib ki, 20 Yanvar hadisələri milli birlik və əzmkarlıq səlnaməsidir. Elmar Qasımov xalqımızın başına gətirilən faciəyə ilk olaraq ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində hüquqi qiymət verildiyini xatırladıb: “Sovet ordusunun törətdiyi bu qanlı cinayət SSRİ-nin süqutunu daha da sürətləndirdi. Bununla Azərbaycanda müstəqillik hərəkatı daha geniş vüsət aldı. 20 Yanvar hadisələrində Azərbaycan xalqı əsl birlik, qəhrəmanlıq nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində də Azərbaycan xalqının milli birlik və əzmkarlığının şahidi olduq. Bunun nəticəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızı azad etdik və tarixi Zəfər qazandıq. Əgər 1990-cı ildə Azərbaycan xalqı Sovet İttifaqının tərkibində milli birlik nümayiş etdirirdisə, 30 il sonra müstəqil Azərbaycan xalqı torpaqların azadlığı uğrunda Ali Baş Komandan İlham Əliyevin iradəsi ətrafında həmrəylik göstərdi”. 

Rektor gənclərə xalqımızın başına gətirilən faciələri unutmamağı, beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal iştirak etməyi tövsiyə edib. O, Bakı Ali Neft Məktəbində tariximizin öyrədilməsinə, tələbələrin milli-mənəvi ruhda yetişdirilməsinə əhəmiyyət verildiyini vurğulayıb.

Xəbər lenti