Logo

“Düşünən oxucu”

20.01.2022 15:14 280 baxış
IMG

Şagirdlər mütaliə vərdişlərini artırırlar

İnsanın mənəvi aləminin zənginləşməsində mühüm və əhəmiyyətli vərdişlərdən biri də kitab oxumaqdır. Məhz bu vərdişi hər bir yaşda formalaşdıra bilərik. Oxumaq kimi müsbət vərdişləri davamlı, ardıcıl və əzmkarlıqla həyata keçirdikdə böyük nəticələr əldə etmək mümkündür. Başlanğıc üçün kiçikhəcmli bir kitab seçmək bu yolda atılan ilkin vərdişlərə yiyələnməyə aparan köməkçi vasitədir. Hər gün davamlı olaraq oxumaqla mütaliə bacarığı tez bir zamanda sürətlənər.

Məktəb, mütaliə alışqanlığının yaranması və inkişafında ən mühüm və təsiredici məkandır. İnsanın məktəb dövründə əldə etdiyi bilik-bacarıqlar, vərdişlər sonrakı həyatında, gələcək hədəflərinin müəyyənləşməsində əvəzsiz xidmət göstərir. Hazırda ümumtəhsil müəssisələrində bir çox layihələrin, müsabiqələrin keçirilməsində məqsəd şagirdlərin düşüncə bacarıqlarını zənginləşdirmək, sərbəst fikir yürütmə azadlığını, təhlil etmə qabiliyyətini təmin etmək, kitab oxuma mədəniyyətinin təbliğidir. Eyni zamanda, sağlam rəqabəti təşkil etməkdir. Bu formatda keçirilən müsabiqələrdən biri də bu yaxınlarda start verilən “Düşünən oxucu” müsabiqəsidir. V-IX sinif şagirdləri arasında keçirilən müsabiqədə şagirdlər mütaliə edərək tənqidi, yaradıcı təfəkkürlərini nümayiş etdirməlidirlər. 3 mərhələdən ibarət olan müsabiqənin məktəb mərhələsi 5-21 yanvar tarixlərində ümumtəhsil müəssisələrində, rayon (şəhər) mərhələsi 24 yanvar-7 fevral tarixlərində bölgələrdə baş tutacaq. Ölkə üzrə 8-21 fevral tarixlərində videotəqdimatların qiymətləndirilməsi formatında Bakı şəhərində həyata keçirilməsi planlaşdırılır. Əsas amil şagirdlərin mütaliə, müstəqil öyrənmə bacarıqlarını təkmilləşdirmək, yaradıcı təfəkkürü inkişaf etdirmək, rəy bildirmə mədəniyyətini zənginləşdirməkdir.

Müsabiqə çərçivəsində şagirdlər ümumtəhsil müəssisələrinin kitabxanalarına verilmiş kitablar əsasında müəyyən olunan “Oxu ədəbiyyat siyahı”sında bir əsəri oxuyacaqlar. Bədii əsərin mövzu və ideyasını təhlil edəcəklər. Şagirdlər oxuduqları kitablar sayəsində özlərini ifadə etmək yollarını öyrənir və bunu əsər üzərində tətbiq edirlər. Əsərin onlarda yaratdığı təsir, qəhrəmanların davranışları, əsərin auditoriyası, yaranma səbəbi və məhz oxunulmasının niyə vacib olduğunu həm videotəqdimatda, həm də çıxışlarında bildirməyə çalışacaqlar. Bu da öz növbəsində, əsərin müəllifi, onun düşüncələri, yaratdığı obrazları ilə qiyabi tanışlıq yaradacaq, onlarda təsəvvür formalaşdıracaq.

Mütaliə prosesində oxucu kitabla sosial psixoloji münasibətlərə girir. Bu müsabiqənin geniş şəkildə keçirilməsində də məqsəd şagirdlərin məktəb vaxtlarından başlayaraq, mütaliəetmə vərdişlərinə sahib olmasını təmin etməkdir. Həmçinin, bununla şagirdlərin mənfi və müsbət qəhrəmanlar haqqında fikirləri formalaşır, özlərini yaxşı qəhrəmanlar sırasında görmək istəyi yaranır. Xüsusilə bəzi əsərlərin müəmmalı bitməyi şagirdlərdə sual doğurur və sonunun necə bitməyi beyinlərində canlanır, bu da onların təsəvvüretmə, yaradıcı keyfiyyətlərinin artmasına səbəb olur. Bütün bu münasibətlərin mexanizmini və onun sosial nəticələrini aşkar etmək mütaliənin əsas predmeti, mahiyyətidir.

Məktəbdən başlanan mütaliə vərdişi şagirdlərin təhsil aldığı dövrdə, gələcək həyatlarında vacib amilə çevrilir. Ümumiyyətlə, mütaliə təhsil, tədris və tərbiyə funksiyaları ilə kompleks xarakter daşıyır. Bir-biri ilə bütünlük təşkil edən bu proseslər məhz mütaliənin nəticəsi olaraq müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai əlaqələrin dərk edilməsinə, cəmiyyətin həyat tərzi üçün xarakterik olan etik-estetik normaların mənimsənilməsinə, eyni zamanda biliklər toplusunun tədrisinə, şəxsiyyətin inkişafına bələdçilik edir.

Şagirdlər arasında kitab oxuma mühitinin yaranması, onların düşüncə keyfiyyətlərinin, öyrənmə bacarıqlarının, ictimai şüurun, təhsil səviyyəsinin yüksəlməsinə, cəmiyyətdə ictimai rolunun müəyyənləşməsinə vasitəçidir. Oxumaq üçün materialın seçilməsi və oxunulan ədəbiyyatın qiymətləndirilməsi, təhlil aparılması şagirdlərə ictimai təsir amili bağışlayır. Belə ki, insanların müxtəlif növ maraqları, vərdişləri, tələbatları olur ki, bu da öz növbəsində mütaliə tələbatının və mütaliə marağının yaranmasına təsir göstərir. İdman bədənimizi qidalandırdığı kimi, mütaliə də ruhumuzu doydurur, ona qida verir. Mənəvi mədəniyyəti zənginləşdirir, mənəvi dünya ilə bir bağ, körpü yaradır. Gənc, sağlam, yaradıcı zehinə sahib olmaq istəyirsənsə, müntəzəm oxu...

Tünzalə QULİYEVA

Xəbər lenti