Logo

20 Yanvar şanlı tariximizə şəhidlərin qanı ilə həkk olunub

20.01.2022 12:55 178 baxış
IMG

1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi Azərbaycan xalqının öz azadlığı və suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Odur ki, xalqımız 32 il əvvəl baş verən hadisələri təkcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlayır.

1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Regionda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma “Dağlıq Qarabağ problemi”nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızın hiddətinə səbəb oldu. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi xalqımızın ədalətsizliyə qarşı apardığı mübarizənin tərkib hissəsi idi. Sovet rəhbərliyi Azərbaycanda xalq hərəkatının yatırılmasına əlverişli zəmin yaratmaq üçün Bakıda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törətdi. Kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı.

Yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisini əmin edirdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcək və belə tədbir nəzərdə tutulmayıb. Ancaq xalqımız aldadılırdı. Çünki bu vaxt əlavə sovet hərbi birləşmələrinin Bakıya yeridilməsi başa çatmaqda idi.


Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı. Bu, ona görə edildi ki, Azərbaycan xalqı Bakıda nə baş verdiyini bilməsin. Sonradan 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübut edilmişdir ki, həmin partlayış Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən planlaşdırılaraq həyata keçirilib.

Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet əsgərləri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyot və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı.

Sonrakı günlər də daxil olmaqla, bu hücum nəticəsində 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi. Həlak olanların arasında 4 polis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi. Bu insanların heç birinin günahı yox idi. Onlar doğma vətənimizin azadlığına və müstəqilliyinə qənim kəsilən sovet rəhbərliyinə etiraz etmək üçün küçələrə çıxmışdılar. Bu insanların heç biri silahlı deyildi. Xalqımız əliyalın halda öz etirazını bildirirdi.

Bakı şəhərində 20 yanvar tarixindən etibarən fövqəladə vəziyyət tətbiq olunması haqqında 19 yanvar tarixli fərmanı isə ancaq yanvarın 20-də səhər saat 6-dan zirehli maşınlardan xalqa elan edilirdi. Yəni dinc insanlar vəhşicəsinə qətlə yetirildikdən sonra fövqəladə vəziyyət barədə məlumatlar yayılırdı. Bununla belə, fövqəladə vəziyyətin elan olunduğu gün - yanvarın 20-də daha 5 nəfər dinc sakin imperiya ordusu tərəfindən güllələndi. O zaman Moskvada yaşayan ümummilli lider Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq, heç nədən çəkinməyərək yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi. Burada mətbuat konfransı keçirən Heydər Əliyev, başda Qorbaçov olmaqla, Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Xalqımızın böyük oğlu bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi.

Dahi şəxsiyyət xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi və 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.


Ümummilli lider 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirdi. Təkcə onu demək kifayətdir ki, Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin Sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu.

Bakıda Vətən şəhidlərinə böyük ehtiramla xatirə kompleksi ucaldıldı. Şəhidlər Xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi.
Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib. 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə verilən aylıq müavinətin artırılması bir daha sübut edir ki, vətənimizin müstəqilliyi uğrunda canından keçənlər heç vaxt unudulmur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi səviyyəsinin yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha aydın göstərir.

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı Sərəncamı vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsidir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurulub, abadlaşdırılıb.

2006-cı il yanvarın 19-da “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərman 20 Yanvar şəhidlərinin ailələrinin maddi vəziyyətinin yaxşılaşdırılmasına zəmin yaratdı. Ölkə başçısının Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı almış 140 nəfər şəxsin 180 nəfər ailə üzvünə Prezident təqaüdü verilir. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən əmək pensiyaları haqqında qanuna əsasən 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa, əlavə ödəniş verilir.

Son illərdə ölkədə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına fərdi və yaşayış evləri inşa olunur. Bu mənzillər 20 Yanvar şəhidlərinin ailələrinə, əlillərə də verilir. Əlillərin sağlamlığının bərpası da dövlətimizin diqqət mərkəzindədir. Vətənimizin müstəqilliyi uğrunda mübarizədə əlil olan insanların sağlamlıqlarının bərpası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub.


20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının yaxınlığında xatirə kompleksinin yaradılması oldu.
Prezident İlham Əliyevin tapşırığı ilə 2009-cu ilin oktyabrında inşasına başlanılan memorial abidə kompleksinin açılış mərasimi 2010-cu il yanvarın 20-də həyata keçirildi.

Bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu da müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görür.

Heydər Əliyev Fondunun xalqımızın tarixinə, tarixi hadisələrinə həssas münasibəti də xüsusi qeyd olunmalıdır. Belə ki, Fondun təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər hər yerdə böyük əks-səda doğurub. Bundan başqa, Qarabağ münaqişəsi, xalqımızın tarixi yaddaşı ilə bağlı kitablar, bukletlər, albomlar nəşr olunub, filmlər çəkilib. Bu layihələr xalqımıza qarşı törədilən ağılasığmaz cinayətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətlərə hüquqi-siyasi qiymətin verilməsinə nail olunması istiqamətində böyük əhəmiyyət kəsb edir.

Xalqı yaşadan və qələbəyə ruhlandıran onun inamıdır. Hazırda məhz belə bir inamı Azərbaycan Prezidenti İlham Əliyev xalqımızda və gənclərimizdə yarada bilmişdir.
Xalqımızın tarixində faciəli günlər yetərincədir. Əsrlər boyu yadelli düşmənlərin göz dikdiyi Vətənimiz işğallara və təcavüzlərə məruz qalıb. Lakin qəhrəman Azərbaycan xalqı buna baxmayaraq qürur və mətinliyini əldən verməyib.

İllər keçəcək, nəsillər dəyişəcək, amma tarix unudulmayacaq. Heç bir azərbaycanlı başımıza gətirilən faciələri unutmayacaq.
Artıq bu gün şanlı tariximizdə yeni bir səhifə, yeni bir tarix yazılıb.

28 ildən sonra Azərbaycan öz tarixi torpaqlarını geri aldı. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu dünyaya sübut etdi ki, bu torpaqların əsl sahibi elə bu torpaqlarda da yaşamalıdır.

Cənab prezident mötəbər kürsülərdə çıxış edərək, Qarabağın Azərbaycan torpağı olduğunu dünya dövlətlərinin və cəmiyyətlərinin diqqətinə çatdırdı. Düşmən təkcə hərb meydanında deyil, siyasi arenada da məğlubiyyətə uğradı.

Bu, cənab Prezidentin XXI əsr dünya siyasətində möhtəşəm bir qələbəsidir. Ölkə başçısının yürütdüyü uzaqgörən siyasət, xalqımızın rifahının yüksəldilməsinə göstərdiyi diqqət və qayğı sayəsində biz böyük zəfər qazandıq. Hər birimiz Azərbaycana bütövlük, xalqımıza xoşbəxtlik bəxş etdiyinizə görə Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.

Artıq Qarabağ azaddır. İllərdən bəri əsarətdə qalan torpaqlarımız, Qarabağın tacı olan Şuşa bizimdir. Qarabağ Azərbaycandır!
Biz inanırıq ki, tezliklə həmin torpaqlar ən inkişaf etmiş bölgəyə çevriləcək. Xalqımız cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya inanır, bu işdə daim onları dəstəkləyir.

Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru,
professor

Xəbər lenti